Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük geosiyasi məkanın iki lideri

Böyük geosiyasi məkanın iki lideri


Cənubi Qafqazın lider dövləti olan Azərbaycan qonşu dövlətlərlə milli maraqlar əsasında qarşılıqlı əməkdaşlığını genişləndirməkdə, onlarla əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdədir. Qeyd edilən məqamlar özünü xüsusən eyni tarixi kökə, mədəniyyətə malik olan Azərbaycan-Türkiyə münasibətlərində daha aydın büruzə verir.Azərbaycan və Türkiyə dostluq və qardaşlıq münasibətlərindən irəli gələrək bölgədə və dünyada gedən proseslərə münasibətdə həmişə eyni mövqe sərgiləyib, ortaq maraqlardan çıxış ediblər.

Prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deməsi, dünyanın əksər ölkələrinin planetimizin ən böyük ədalətsizliklərindən birinə - erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində “...Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq...” deməklə konkret mövqe ortaya qoyması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşündə iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfərə gedib. Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.Görüşdə Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə bağlı Prezident İlham Əliyevə, Azərbaycan xalqına və həlak olanların yaxınlarına başsağlığı verib.

Dövlətimizin başçısı başsağlığına görə Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

Görüşdə Azərbaycanın və Türkiyənin daim bir-birinin yanında olduqları bir daha qeyd edilib. Ölkələrimizin strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlət başçıları energetika, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığa dair birgə layihələri müzakirə ediblər və gələcək təmaslarla bağlı fikir mübadiləsi aparıblar.

Daha sonra bir neçə dövlət başçıları ilə bərabər cəkilən foto İki qardaş ölkə, Türkiyə və Azərbaycan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini, və bu reallığı bütün dünya ölkələrinə də qəbul və etiraf etdiyinin əyani sübutu oldu. Eyni zamanda hər iki ölkə rəhbərinin dostluq və qardaşlıq münasibətləri də göz önündədir və bütün bunlar onu deməyə əsas verir ki, ölkələrimiz arasındakı münasibətlər bundan sonra daha da yaxşılaşacaq və bütün dünya ölkələrinə örnək, nümunə olmaqda davam edəcək.Daha bir məqama diqqət etmək yerinə düşərdi ki, dünyada qardaş xalqlar təkcə biz deyilik, amma bu xalqlar arasındakı münasibətlər heç də bizimki kimi deyil və bu qürurvericidir.Ölkə rəhbərlərimizin iştirakı da bu müttəfiqliyi bir daha dünya ölkələrinə nümunə olaraq göstərib, nümayiş etdirib və hər kəs artıq bunun fərqindədir. Bu müttəfiqlik isə, təbii ki, özlərini bizə dost hesab edən ölkələri sevindirir, düşmən hesab edən ölkələri isə məyus edir, çünki bu müttəfiqliyin əbədi və sarsılmaz olduğu öz təsdiqini artıq dəfələrlə tapıb.Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir.

Fotoda böyük geosiyasi məkanın iki liderinin masanın başında oturması Türkiyə və Azərbaycanın faktiki olaraq dünyanın enerji xəritəsini dəyişən iki dövlət olmasının mesajıdır.Türk fatehləri öz kimliklərini dünyada qlobal zor stixiyasının hökmfərma olduğu indiki zamanda dostluğu, qardaşlığı meyara çevirən bir siyasi gücün varlığının təminatçısı kimi artıq sübut edib.Və bu danışan foto mənə bir daha istiqlal şairimiz Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirinin iki misrasını xatırlatdı:

Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.

Bəli, bu gün onlar bir ağacın iki qolu kimi görünürlər - əzmli, rəşadətli, bütün müstəvilərdə qalib gəlmiş ölkə başçıları. Əlbəttə ki, Azərbaycan-Türkiyə birliyi dünyaya dostluq, qardaşlıq adına örnək olmaqda, müzəffər liderliyin növbəti əməli ifadəsini sərgiləməkdədir.

Əsl qardaşlıq budur!
Əsl müttəfiqlik budur!
Əsl dostluq və səmimiyyət budur!

Tanrı iki qardaş ölkənin ləyaqətli və müzəffər liderlərini qorusun. Çünki Azərbaycan və Türkiyənin inkişaf etməsində, dünyada söz sahibi olmasında onların rolu çox böyükdür...

Aygül Bağırova
Xəbəri paylaş