Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın mövcud geosiyasi reallıqlarla barışmaqdan başqa yolu qalmayıb

Ermənistanın mövcud geosiyasi reallıqlarla barışmaqdan başqa yolu qalmayıb


Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-də Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində ordumuzun keçirdiyi cavab əməliyyatları ilə düşmənə ağır zərbə vuruldu, Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və hərbi obyektləri məhv edildi.

Məlum olduğu kimi, Ali Baş Komandan, Prezident İlham Əliyev İkinci Qarabağ savaşından sonra dəfələrlə öz çıxışlarında rəsmi İrəvana xəbərdarlıq edərək, Ermənistanın öz qoşunlarını ölkəmizin ərazilərindən tam çıxarmadığı, Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanımadığı, ölkəmizə qarşı hərbi təxribatları davam etdirdiyi müddətdə Azərbaycanın da adekvat addımlar ataraq “dəmir yumruğu” yenidən işə salacağını bəyan etmişdir.

44 günlük müharibədən keçən iki ilə yaxın müddətdə görünən odur ki, Azərbaycanın ciddi təşəbbüslərinə və tərəflər arasında müxtəlif səviyyələrdə keçirilən görüşlərə baxmayaraq, rəsmi İrəvan dəyişkən mövqe nümayiş etdirir, bir-birinə zidd bəyanatlar verir, imzalanan üçtərəfli bəyanatların tələblərinə, görüşlərdə əldə olunan razılaşmalara tam riayət etmir, üstəlik Ermənistan ordusunun Azərbaycan hərbçilərini və mülki əhalisini hədəfə alan təxribat-diversiya hərəkətlərinə zəmin yaradır, göstəriş verir. Bütün bunlar isə zaman-zaman iki ölkə arasında silahlı qarşıdurmalara səbəb olur. Azərbaycan ordusunun 71 nəfər hərbi qulluqçusunun qəhrəmancasına şəhid olduğu son əməliyyatlarda düşmənin qat-qat artıq sayda canlı qüvvəsi məhv edilmiş, Ermənistan ordusuna bərpası illərlə vaxt və böyük vəsait tələb edən ağır zərbə vurulmuşdur.

Üstəlik, Ermənistanın bu qarşıdurmaya beynəlxalq ictimaiyyəti, xüsusən də üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) cəlb etmək niyyəti boşa çıxdı. Çünki bütün dünya, eləcə də əksər KTMT üzvləri Ermənistanın əsl simasını görməkdədir. Sərhəddə gərginliyi daim yüksək həddə saxlamaqla Ermənistan və onun havadarları ATƏT-in Minsk qrupunu diriltmək niyyətlərini də büruzə verirlər. Lakin münaqişə dövründə heç bir uğura nail olmayan qurumun görüntü yaratmağa xidmət edən və yalnız formal xarakter daşıyan səfərlərinə və bəyanatlarına bundan sonra da ehtiyac yoxdur.

Beləliklə, növbəti hərbi məğlubiyyətdən sonra rəsmi İrəvan Ermənistan əhalisini reallıqla barışmağa çağırmaqdan, Azərbaycanla sülhə hazırlamaqdan başqa yolu olmadığını anlamalıdır. Çünki hadisələr göstərir ki, Ermənistan hakimiyyətində və əhalisi arasında mövcud olan revanşist meyillərdən irəli gələn irrasional davranışlar və təxribatlar bu ölkənin özünə qəsdi deməkdir.

Azərbaycana qarşı əsassız iddia və ittihamlar irəli sürmək əvəzinə Ermənistan bu vaxtadək ölkəmizə vurduğu maddi, mənəvi zərəri ödəməyin yolları barədə düşünməlidir. Ermənistanın işğaldan azad olunmuş ərazilərin mina xəritələrini Azərbaycan tərəfinə hələ də verməməsi, beynəlxalq hüquq pozuntusu olmaqla bərabər, həmin minaların partlayışının səbəb olduğu istənilən insan ölümü və yaralanması hadisəsi terror aktı kimi qiymətləndirilməli, buna görə məsuliyyət daşıyan rəsmi İrəvan beynəlxalq ictimaiyyətin qınaq hədəfinə çevrilməlidir. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı və qırğınlar, Birinci Qarabağ müharibəsi dövründə itkin düşən, əsir və girov götürülən 4000-dək azərbaycanlının taleyinin hələ də naməlum qalması, Azərbaycanın maddi mədəniyyətinə, təbiətinə vurulan zərbə, İkinci Qarabağ savaşında Azərbaycanın mülki əhalisinin hədəfə alınması da daxil olmaqla xalqımıza qarşı törədilən saysız-hesabsız cinayətlərə baxmayaraq, Azərbaycan xalqı tarixi qan yaddaşını qorumaqla Ermənistanla sülh şəraitində yaşamağa hazırdır.

Belə olan halda Ermənistan hakimiyyətində, cəmiyyətində və diasporunda özünü göstərən revanşist əhval-ruhiyyə və barışmazlıq miflər, yalanlar üzərində qurulmuş xəstə erməni təfəkkürünün xalqın şüurunda nə qədər dərinə işlədiyini göstərir. Ermənistan hakimiyyəti və əhalisi anlamalıdır ki, onların təsəvvür etdiyi, qismən reallığa, qismən xülyalara söykənən dünya artıq mövcud deyil; bir vaxtlar Ermənistana fəal şəkildə havadarlıq edən qüvvələr indi öz başlarına çarə axtarır, erməni ideologiyasının özünə düşmən elan etdiyi Azərbaycan regional, Türkiyə isə qlobal gücə çevrilib.
Hazırkı vəziyyət Ermənistandan təkcə siyasi kursu deyil, bütövlükdə erməni xalqının qonşularına münasibətini, ideologiyasını dəyişməyi, gerçəkliklə barışmağı və ayaqlaşmağı tələb edir. Ancaq bu yolla Ermənistan hazırkı təlatümlü geosiyasi proseslər mühitində bir dövlət olaraq mövcudluğunu qoruyub saxlaya bilər. İkinci Qarabağ müharibəsi onu göstərdi ki, böyük güclərin forpostu olmaq siyasəti Ermənistana yaxşı heç nə vermədi, əksinə, bu ölkə müstəqilliyinin 30 ilini boşa sərf etdi. Eyni siyasəti bundan sonra da davam etdirmək cəhdi Ermənistanı daha böyük siyasi, iqtisadi, sosial, hərbi problemlərlə üz-üzə qoyacaq.

Məlumdur ki, bu gün beynəlxalq münasibətlər sistemi İkinci Dünya müharibəsindən bəri ən ağır dövrünü yaşayır, beynəlxalq hüququn elə onu formalaşdıran aparıcı dövlətlər tərəfindən pozulması adi hal alır, güc amili önə çıxır, BMT-kimi aparıcı qlobal təşkilatın həyatqabiliyyətliliyi şübhə altına alınır. Lakin bütün bunlara və Ermənistanın davamlı təxribatlarına baxmayaraq, Azərbaycan beynəlxalq hüquq normalarına sadiqliyini nümayiş etdirərək, Ermənistanı sülh müqaviləsi imzalamağa, sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirməyə, bütövlükdə iki ölkə münasibətlərini qanunla nizamlamağa çağırır.

Hazırkı vəziyyəti Ermənistan üçün son şans kimi də qiymətləndirmək olar. Azərbaycanın sülh təklifini rədd edəcəyi təqdirdə Ermənistan özünü güclü iqtisadiyyatı, ordusu, iqtidar-xalq birliyi, beynəlxalq siyasi nüfuzu, tərəfdaşları olan Azərbaycan qarşısında bundan sonra da tək və köməksiz görəcək.

Hülya Məmmədli-politoloq
Xəbəri paylaş