Azərbaycan regionun supergücüdur”– bu, təkcə bizim qənaətimiz deyil, eyni zamanda, dostlarımızın məmnunluqla, düşmənlərimizin isə qısqanclıqla qəbul və ifadə etdiyi bir həqiqətdir. Müstəqillik dövrünün son 20 ilində güclü və daha da tərəqqiyə nail olan dövlətə çevrilmiş çoxminillik tarixində Azərbaycan heç zaman, heç vaxt indiki qədər qüdrətli olmayıb. Qafqazda və Xəzərətrafı bölgədə ölkəmizin iştirakı olmadan heç bir layihənin reallaşması mümkün deyil. Dünyanı təlatümə gətirən böhran və kataklizmlər də bu inkişafa mane ola bilmir.
Şübhəsiz ki, ölkəmizi öz miqyasına və məxsusi imkanlarına görə belə qüdrətli edən səbələr var. Bu, hər şeydən əvvəl, Prezident İlham Əliyevin qətiyyətli, xalqın, ölkənin maraqlarına hesablanmış, “qızıl ölçü”lərlə dürüstləşdirilmiş daxili və xarici siyasət kursu, habelə bu siyasətin maksimal uğurunu gerçəkləşdirən xalq– iqtidar birliyi qeyd edilməlidir. Dünya iki il əvvəlin 44 günlük şərəfli Vətən müharibəsində bu birliyin möhtəşəmliyinin, möcüzə yaratdığının şahidi oldu. Ermənistan silahlı qüvvələrinin törətdiyi son təxribatları planlaşdıran qüvvələr regionda destabilliyin dərinləşməsinə və böhran həddinə çatmasına nail olmaqla qarşılarına qoyduqları bir neçə məqsədə çatmaq istəyirlər: “İlk növbədə rəsmi İrəvan belə təxribatlarla revanşist niyyətlərini həyata keçirmək üçün zəmin yaratmağa çalışır.
Aydındır ki, indiyədək hələ də Azərbaycana mina xəritələrinin verilməməsi və üstəlik bizim ərazilərdə yeni minalama cəhdləri Ermənistanın mümkün hərbi hücumlarını asanlaşdırmağa və eyni zamanda da Azərbaycan üçün müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirməyə hesablanıb. Bu isə açıq-aşkar rəsmi İrəvanın hələ də ölkəmizə qarşı məkrli planlarından xəbər verir. İkinci bir tərəfdən, ölkəmizin getdikcə artan beynəlxalq nüfuzu, möhkəmlənən mövqeləri dünyadakı antiazərbaycan qüvvələrini ən çox narahat edən amillərdəndir. Bu amilin bariz göstəricilərdən biri isə əlbəttə ki, Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələlərində getdikcə artan roludur. Əlbəttə ki, enerji təhlükəsizliyinin təminatı regionda sülhün və stabilliyin mövcudluğu ilə birbaşa əlaqəlidir. Deməli, Ermənistanın hərbi-siyasi rəhbərliyinin rəvac verdiyi hərbi təxribatların bir məqsədi də məhz Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunun azaldılmasıdır.
Nəhayət, məlumdur ki, Vətən müharibəsinin nəticələrindən biri də ATƏT-in Minsk Qrupunun mövcudluğunun faktiki başa çatması oldu. Təbii ki, bu təsisatın uzun illər ərzində Cənubi Qafqazda təmsil etdiyi və maraqlarına xidmət göstərdiyi qüvvələr də bu vəziyyətlə barışmaq istəmirlər. Xalq həmişəki kimi, dövlətin və ordunun yanında dayandı. Amma ürək ağrısı ilə qeyd edək ki, məhz belə bir gündə də içərimizdən düşmən dəyirmanına su tökənlər oldu. Tarix elmi üzrə bir alimimiz sosial şəbəkə hesabında guya, ordumuzun Ermənistanın bir hissəsini işğal etdiyini bildirib, özünü ədalətli politoloq sayaraq, bu “haqsızlığa” qarşı oldugunu deyib.
Bəli, bizim bu alimimiz, xaricdə deyil, Bakıda yaşayır və nüfüzlu bir ali məktəbdə çalışır. Yaxud, xaricdə və daxildə yaşayan, ifrat müxalifətçilik nümunəsi göstərən azərbaycanlılar fəaliyyətlərində ölkəmizə qarşı mübarizə xəttində erməni lobbisini keçiblər. İndi başqa bir müqayisə aparaq: Sarkisyan, Paşinyan zülmündən bezib xaricdə yaşayan bir erməni göstərin ki, ölkəsinə, onun milli maraqlarına bu qədər düşmən münasibət bəsləsin. Ölkəsinin əleyhinə işləyən bir erməni tapılarmı?
Ey Vətəni həraca çıxaran dırnaqarası "vətənsevərlər"! Günahsız şəhid qanlarından və onlara axıdılan göz yaşlarından qorxun və heç olmasa, belə günlərimizdə onlara hörmət edin. Ucuz populizmdən çəkinin. Bu Vətən hamımızındır! Və belə bir zamanda "düşmən dəyirmanına su tökən" sizlər bu vətənin qara yarasına, xalqın nifrət qarışıq təəssüfünə çevrilirsiniz. Unutmayaq ki, tarix boyunca Azərbaycanın heç kimin torpağında gözü olmayıb və olmayacaq. Dövlət başçısı İlham Əliyev bu gerçəyi təkrar-təkrar çıxışlarında dünyaya bəyan edir. Ölkəmiz yalnız öz suverən hüquqlarının qorunması, ehtiyaclarının ödənilməsi, arzularının gerçəkləşdirilməsi ilə məşğuldur. Müstəqilliyə, milli maraqlara qarşı uzanan əllər kəsiləcək–necə ki, kəsilir. Qoy şübhəsi olanlar bu gedişə əmin olsunlar. Qüdrətimiz ən güclü silahımız və sipərimizdır. İlk növbədə ona görə ki, Prezident İlham Əliyevin yürütdüyü xarici və daxili siyasət sayəsində Azərbaycanda bütün məsələlərə pərakəndə deyil, məhz sistemli yanaşma var. Bizim gücümüz də bu sistemli yanaşmada, müdrik siyasətdə və milli birlikdədir. Unutmaq lazım deyil ki, yalnız ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması sadəcə Azərbaycanın deyil, həm də bütün regionun davamlı inkişafının zəmanəti olacaq.
Güloğlan Cabbarlı-Dünya və Avropa çempionu