Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” kitabı işıq üzü görüb

“Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” kitabı işıq üzü görüb


Ağdam şəhərində “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfransın əhəmiyyəti nəzərə alınaraq onun materialları kitab şəklində çap edilib.

Newscenter.az xəbər verir ki, konfransın ildönümü münasibəti ilə dərc olunan kitabda konfrans iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın konfrans iştirakçılarına ünvanladığı təbrik məktubu, təşkilatçı qurumların rəhbərlərinin açılış nitqləri, konfrans iştirakçılarının üç dildə - Azərbaycan, ingilis və rus dillərində məruzə və məqalələri toplanıb.

Xatırladaq ki, sözügedən konfrans Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA-nın İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilib.

Həm konfransın, həm də onun materialları əsasında tərtib edilmiş kitabın əsas məqsədi - Qarabağın, xüsusilə də Ağdamın bərpası, yenidən qurulması, qısa, orta və uzunmüddətli perspektivdə inkişafı ilə bağlı sosial-iqtisadi tədqiqatları stimullaşdırmaq, ölkəmizin elmi ictimaiyyətini bu məsələlərlə bağlı araşdırmalara daha geniş cəlb etməkdir.

İki gün davam edən konfransda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin müavini Sahib Ələkbərov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov, iqtisadçı alimlər, bir sıra hökumət qurumlarının əməkdaşları, ali məktəblərin - Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Biznes Universitetinin, Xəzər Universitetinin, Sumqayıt Dövlət Universitetinin müəllimləri və Avropa, ABŞ və Türkiyədən qonaq gəlmiş tədqiqatçılar iştirak ediblər.

100-dən artıq elmi məqalənin təqdim olunduğu konfransda Qarabağda yeni iqtisadiyyat quruculuğu, iqtisadçı alimlərin tədqiqatlarının bu baxımdan əhəmiyyəti, Qarabağın təbii resursları və yaşıl enerji potensialı, məcburi köçkünlərin Ağdama və Qarabağın digər bölgələrinə qayıdışı məsələləri və digər mövzular ətrafında geniş fikir mübadilələri aparılıb.

Sevinc
Xəbəri paylaş