Azərbaycan son illərdə yürütdüyü uğurlu daxili və xarici siyasət sayəsində beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Təbiidir ki, bu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən formalaşdırılır və Azərbaycanın yeni-yeni uğurlar qazanmasını şərtləndirir. Ölkəmiz indiyədək üzv olduğu bir çox beynəlxalq təşkilatlarla, eləcə də ayrı-ayrı ölkələrlə sıx əmkdaşlıq edir və “hər bir sözü imzası qədər dəyərlidir”.
Azərbaycan artıq Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərinə də dəvət alır. Təşkilatı sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş sammitində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu bu nüfuzlu təşkilatın Zirvə görüşünə Azərbaycanın dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın əyani təsdiqidir.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə ölkəmizlə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizmlə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
Hazırda təşkilata qardaş ölkə Özbəkistan sədrlik edir. Prezident İlham Əliyev ŞƏT-in Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edib. Bu, Azərbaycan Prezidentinin iyunda dövlət səfərindən sonra bu il Özbəkistana ikinci səfəridir. Bu fakt ölkələrimiz arasında sıx əməkdaşlığın və qardaşlıq münasibətlərinin bariz nümunəsidir.
Qürurverici haldır ki, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın iştirakı ölkəmizin gündəliyinin irəlilədilməsi, eləcə də regional proseslərdə iştirak və verilən qərarlarda söz sahibi olması baxımından çox önəmlidir. Azərbaycanın bu sammitdə iştirakı ölkəmizin multilateralizmə verdiyi önəmin göstəricisidir. Azərbaycan ŞƏT-in, demək olar ki, bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir.
Təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edərək regionda ən nüfuzlu dövlətə çevrilən Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır. Təbii ki, bunun da əsasında bir sıra mühüm amillər dayanmaqdadır. Ən əvvəl onu qeyd etmək yerinə düşər ki, Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, özünü bütün dünyada mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan hazırda BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatının sədridir. Azərbaycanın bu təşkilata sədrlik müddətinin daha bir il uzadılması ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi ilə yanaşı, Azərbaycan Prezidentinin dünyada böyük hörmət və nüfuz sahibi olmasının da göstəricisidir.
Beynəlxalq aləmdə tolerantlığın və multikulturalizmin beşiyi kimi tanınan Azərbaycan dünyanın əksər ölkələri kimi, ŞƏT üzvləri ilə də humanitar sahələrdə fəal əməkdaşlıq əlaqələri qurub. Dövlətimizin başçısının yüksək diqqət və qayğısı ilə ölkəmiz dünyanı narahat edən ən mühüm humanitar məsələlərin müzakirə olunduğu forum və konfranslara yüksək səviyyədə evsahibliyi edib. Azərbaycanın bu sahədə qazandığı hörmətin göstəricisidir ki, 2021-ci ildə ŞƏT-in Pekindəki mənzil-qərargahında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib, qərargahın binasında dahi şairin büstü ucaldılıb. Qeyd edək ki, dahi Nizami Gəncəvi Çin filosofu Konfutsidən sonra ŞƏT-in qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir.
Dövlətimizin başçısının təşəbbüsü ilə son illərdə Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın rolu getdikcə artmaqdadır.
Azərbaycan Prezidenti sammit çərçivəsində bir sıra məhsuldar görüşlər keçirib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif, Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar aparıb. Bütün bunlar ikitərəfli və təşkilat çərçivəsində əlaqələrin, eləcə də ticarət-iqtisadi, nəqliyyat-loqistika sahəsində əməkdaşlığın inkişafı üçün yeni imkanlar açır. Amma son günlər Azərbaycan ərazisində təxribatlar törətmiş Ermənistan tədbirə qatılmayıb. Bu da gözlənilən idi. Çünki dəfələrlə beynəlxalq konfranslarda Azərbaycan Prezidenti İlham Əliyevin sarsılmaz qətiyyəti və dərin arqumentləri qarşısında çıxılmaz və gülünc vəziyyətə düşmüş baş nazir Nikol Paşinyan yenidən bu durumla üzləşməmək istəməyib.
İqbal MƏMMƏDOV,
Milli Məclisin deputatı