12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanmış və müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
Newscenter.az TƏBİB-ə istinadən xəbər verir ki, yaralanan 282 hərbi qulluqçudan 43 nəfəri ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtmış, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Yaralanmış hərbi qulluqçulara ən peşəkar hərbi-həkim heyəti və TƏBİB-in tabeli tibb müəssisələrinin tibb personalları tərəfindən xidmət göstərilir.
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarının bir qrup ixtisaslaşmış tibbi və qeyri-tibbi personalı 12 sentyabrdan etibarən təhkim ediliblər.
Tibb işçilərimiz yaralı hərbi qulluqçuların təxliyyəsində, onlara ilkin, ixtisaslı və stasionar tibbi yardımın göstərilməsində aktiv iştirak edirlər.
Sevinc