Pakistan Baş naziri Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət edib. Liderlər dünən Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti çərçivəsində bir araya gəliblər.
Pakistan Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə ilə yanaşı, Pakistan da bizim haqq səsimizi eşitdi, dəstək oldu. Pakistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığı kimi, biz də qardaş dövlətin suverenliyinə hörmətlə yanaşırıq.
Prezident dünənki görüş zamanı Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəklədiyini bildirib. Dövlət başçısı, həmçinin Azərbaycan və Pakistanın daim bir - birinin yanında olduğunu diqqətə çatdırıb.
Şahbaz Şərif isə öz növbəsində Azərbaycan Prezidentini Pakistana səfərə dəvət edib. Yəqin ki, yaxın vaxtlarda belə bir səfər baş tutacaq.
İlham Əliyevlə Şahbaz Şərifin görüşü təkcə ikitərəfli münasibətlərin tənzimlənməsi, gələcək perspektivlərin müəyyənləşməsi baxımından əhəmiyyətli deyil. Bu cür ikitərəfli görüşlər həm də dünyaya- bizi istəməyən, ərazi bütövlüyümüzə hörmət etməyən tərəflərə mesajdır.
Bir müddət əvvəl Hindistan Xarici İşlər Nazirliyi sərhəddəki gərginliklə bağlı birmənalı olmayan bəyanat yaymışdı. Azərbaycan XİN bu açıqlamanı lazımi formada şərh etmişdi.
Hindistanla Pakistan arasındakı münasibətlər məlumdur. Kəşmir tərəflər arasındakı əsas mübahisəli yerdir. Bu ərazi tarixi Pakistan torpaqlarıdır. Əgər Hindistan Azərbaycanla bağlı ədalətsiz davranırsa, onda biz də çəkinmədən Pakistanın ərazi bütövlüyünü dəstəkləyə bilərik. Və dəstəkləməliyik.
İndi dünyada çox ciddi geosiyasi proseslər baş verir. Qütbləşmələr davam edir. Belə olan halda həmrəylik, birlik, əlbəttə, hər zamankından daha vacibdir. Qardaş, dost ölkələrlə əlaqələrimiz daha da güclənməlidir.
Bu baxımdan İlham Əliyevin Pakistana dəvət olunması və gözlənilən səfər mühüm əhəmiyyətə malikdir.
Kənan Novruzov-siyasi ekspert