Sentyabrın 18-də Gürcüstanın erməni icmasının üzvlərinin Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında təyin etdikləri yürüş-aksiya baş tutmayıb.
Azərbaycanın Gürcüstandakı səfirliyindən Newscenter.az-a verilən məlumata görə, “Avlabar” metrostansiyası yaxınlığından diplomatik nümayəndəliyimizin binasına doğru başlayan yürüş yarımçıq dayandırılıb.
Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları “Avropa” meydanına yaxınlaşan 20-yə yaxın yürüş iştirakçısından yolun hərəkət hissəsini bağlamamağı xahiş edib. Polis tərəfindən onlara hər hansı bir mümkün təxribata və qarşıdurmaya yol verilməməsi üçün Azərbaycan səfirliyinin binası önündə aksiyaya icazə verilmədiyi bildirilib. Bu çağırışlara məhəl qoymayan bəzi aksiya iştirakçıları və polis əməkdaşları arasında insident baş verib. Bir neçə aksiyaçı saxlanılaraq ərazidən uzaqlaşdırılıb.
İnsidentdən sonra aksiyaçılar yürüş marşrutunu dəyişməyə məcbur olublar. Sıraları seyrələn aksiyaçılar Tbilisinin mərkəzi küçələri ilə addımlayıblar və Gürcüstan parlamentinin binası qarşısında toplaşıblar. Onlar Azərbaycan əleyhinə əsassız və təxribatçı şüarlar səsləndirərərk aksiyaya yekun vurublar.
Beləliklə, ermənilərin Azərbaycan əleyhinə aksiya planı fiaskoya uğrayıb, təşkil olunan yürüş nə Tbilisi sakinləri, nə Gürcüstan ictimaiyyəti, nə də yerli mətbuatın diqqətini çəkib.
Azərbaycanın Gürcüstandakı səfirliyi aksiya iştirakçılarını “isti” qarşılamağa və sərsəm şüarları susdurmağa hazır olub. Belə ki, diplomatik nümayəndəliyimizin binası qarşısında ingilis dilində “Qarabağ Azərbaycandır!” şüarının və 44 günlük Vətən müharibəsində Qələbəmizin rəmzi olan “Dəmir yumruğun” təsvirinin olduğu banerlər yerləşdirilib. Erməni icmasının nümayəndələrinin səsləndirmək niyyətində olduqları heç bir əsası olmayan şüar və çağırışların qarşısını almaq üçün isə səs gücləndiricilər vasitəsilə Azərbaycanın dövlət himni, hərbi marşlar və vətənpərvərlik mövzusunda musiqi nömrələri səsləndiriləcəkdi.
Qeyd edək ki, Gürcüstanın azərbaycanlı icmasının üzvləri səfirliyimizin binası qarşısında Azərbaycana dəstək aksiyası keçirməyə hazır olub. Soydaşlarımızın təşəbbüsünü minnətdarlıqla qarşılayan diplomatik nümayəndəliyimiz onların təhlükəsizliyi və hər hansı bir qarşıdurmaya yol verilməməsi baxımından aksiyanın təşkilini tövsiyə etməyib.