Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Sıfır kovid” problemi həll etmir

“Sıfır kovid” problemi həll etmir


Dünya Səhiyyə Təşkilatı koronavirusun miqyasının azalmasına dair optimist proqnozlar verir. ABŞ prezidenti Co Bayden də koronavirus pandemiyasının geridə qaldığını bildirib. Ancaq koronavirusun başlangız nöqtəsində - Çində vəziyyət yenə mürəkkəbdir. “Bloomberg” agentliyinin məlumatına görə Çində virusa yoluxma halları artdıqca ölkə daxilində səyahətlər məhdudlaşdırılıb. Çinin 7 əyalət paytaxtı olmaqla 33 şəhərində ciddi kovid qadağaları mövcuddur. Məhdudiyyətlər əhalisi milyonlarla sakini olan şəhərlərə də aiddir. Çinlilər ölkə daxilində səyahətlərə üstünlük verirlər. Ancaq hazırki şərtlər daxilində bu mümkün deyil.

Bu arada, Çin Kommunist Partiyası qurultaya hazırlaşır. 5 ildən bir keçirilən qurultayda Si Sinpinin yenidən partiyanın və ölkənin liderin seçiləcəyi bildirilir. Si Sinpin virusla mübarizəni yenidən sərtləşdirməklə qurultaya qədər virusun yayılmasının qarşısını almaq istəyir. Si Sinpin virus təhlükəsinə ciddi yanaşır. Misal üçün Çin lideri Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən zirvə toplantısında həmkarlarından maska taxmalarını xahiş edirdi. Heç zaman maska taxmayan Belarus prezidenti Aleksandr Lukaşenko Si Sinpinlə görüşdə qaydalara riayət etmək məcburiyyətində qaldı.

Çində sentyabrın 5-də baş verən zəlzələ çinlinlərin təhlükəli bölgələləri tərk etməsini məhdudlaşdırıb. Zəlzələyə baxmayaraq, çinli rəsmilər karantin şərtlərini yumşaltmayıblar. Əksinə, qadağalar daha da sərtləşdirilib, bu da sakinlərin işini və dolanışıq vasitələrini itirməyə meylli olduqları üçün sıxıntıya səbəb olub. Sosial şəbəkələrdə çinlilərin “bizdən dağılmış evlərdə qalmağı tələb edirlər” kimi statusların sayı çoxalıb. Çinlilərdən biri “düşünürəm ki, binanın içərisində ölsəm, yaxşı olar, heç olmasa yoluxmaram” yazaraq mövcud vəziyyətə istehza edib.
Çin rəhbərliyi hesab edib ki, zəlzələ nəticəsində başqa bölgələrə köçmək istəyənlər virusu digər ərazilərə yaya bilərlər. Zəlzələ nəticəsində 80-ə yaxın insanın həlak olub. Evləri zərər görən çinlilər yerdəyişmədən əvvəl kovid testi vermək məcburiyyətində qalıblar. Çində artan məhdudiyyətlər bir qrup çinli ilə polislər arasında toqquşmalara səbəb olub.

Beynəlxalq “Human Rights Watch” təşkilatı zəlzələ qurbanlarının acınacaqlı durumu və Çindəki sərtləşən məhdudiyyətlərdən narahatlığını ifadə edib. Pekinin ölkə içində tətbiq etdiyi “sıfır kovid” insan haqlarının məhdudlaşdırılması kimi qiymətləndirilib. Hadisələrin gedişatı göstərir ki, “sıfır kovid” problemi həll etmir, sadəcə virusun yayılmasını müvəqqəti ləngidir.

Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri
Xəbəri paylaş