Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya və Çin anti-Qərb bloku yaradırlar

Rusiya və Çin anti-Qərb bloku yaradırlar


Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddəki zirvə toplantısı bitdikdən dərhal sonra Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi Çinə göndərib. Patruşevlə Çin Kommunist Partiyasının Siyasi Bürosunun üzvü Yanq Tzeçi arasında görüş keçirilib.

Tərəflər ABŞ-ın Asiya-Sakit okean regionunda hərəkətləri nəticəsində gərginliyin artması ilə bağlı narahatlıqlarını bildiriblər. Bundan başqa Rusiya ilə Çin arasında hərbi-texniki əməkdaşlıq və hərbi qüvvələrin gücləndirilməsi ilə bağlı razılıq əldə olunub. Patruşev çinli həmkarıyla görüşdə Əfqanıstan və Asiya-Sakit okean regionunun hərbi-siyasi vəziyyəti, o cümlədən Koreya yarımadası və Tayvan ətrafındakı durumu da müzakirə edib. Onlar belə qənaətə gəliblər ki, bölgədə vəziyyəti gərginləşdirən Amerika Birləşmiş Ştatlarıdır. Ağ Ev sahibi Co Bayden açıq bildirib ki, müharibə başlayacağı halda Amerika Tayvanı müdafiə edəcək. Patruşev və Yanq Tzeçi Ukrayna mövzusu ətrafında da fikir mübadiləsi aparıblar.

Patruşev çıxışı zamanı bildirib ki, Rusiya və Çin daha ədalətli dünya düzəninin formalaşmasını istəyirlər. Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda bu “dünya düzəninin” necə olacağı bəllidir. Patruşev Rusiya və Çin “kollektiv Qərbə” müqaviməti davam etdirəcəyini vurğulayıb. Moskva və Pekin bu məqsədlə ətraflarında anti-Qərb bloku formalaşdırmağa çalışacaqlar.

Rusiya-Çin yaxınlığına baxmayaraq, Pekin Ukraynadakı müharibənin gedişatından narahatdır. Vaşinqtondakı analitik mərkəzlərdən birinin Çin proqramları direktoru Yun Sunun fikrincə, Rusiya prezidenti Vladimir Putin Çini faktiki olaraq aldadıb, Çinin Rusiyanın işğalını dəstəklədiyi təəssüratı yaradıb, baxmayaraq ki, Pekin münaqişəni nə gözləyirdi, nə də bu barədə məlumatlandırılmışdı. Karnegi Beynəlxalq Sülh Fondunun analizində Pekinin müharibədən narahatlığı belə izah edilib: “Çinli diplomatlar müharibənin başladığı fevralın 24-dən mayın 19-dək münaqişənin gedişatı ilə bağlı xarici ölkələrdəki həmkarları ilə 64 görüş keçirib və bu mövzunu müzakirə ediblər. Pekin müharibəni dayandırmaqda maraqlı idi. Buna baxmayaraq, Pekin müharibənin başlamasına görə məsuliyyəti Qərbin və NATO-nun üzərinə qoyub və Rusiyaya qarşı sanksiyaları yanlış adlandırıb. Pekin Rusiyanın Ukraynaya müdaxiləsini NATO-nun genişlənməsi ilə əlaqləndirib. Pekin hesab edir ki, Ukrayna NATO üzvlüyünə çalışmamalı, Şərqlə Qərb arasında körpü rolunu oynamalıdır”.

Pekinin mövqeyi Kremli razı salıb. Bunu Rusiya prezidenti Vladimir Putin çinli həmkarı Si Sinpinlə Səmərqənddə keçirdiyi görüşdə də ifadə edib. ABŞ-Çin qarşıdurması və Tayvan ətrafındakı gərginlik Kremlin maraqlarına cavab verir. Çünki bu halda Pekin Kremllə daha sıx münasibətlərə çalışır.

Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin rəhbıri
Xəbəri paylaş