Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Ukrayna müharibəsinin oxşarı Asiyada gözlənilir

Rusiya-Ukrayna müharibəsinin oxşarı Asiyada gözlənilir


Şanxay Əməkdaşlıq Təşkilatının son zirvə toplantısı çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşən əksər lider Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının zərurətini vurğulayıblar. Bu görüşləri Vaşinqtonda diqqətlə izləyiblər. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Çin və Hindistanın Ukraynada müharibə barədə qorxusu müharibəni dayandırmaq üçün Rusiyaya təzyiqi gücləndirib. «Bu, sadəcə faktın təzahürüdür ki, həmin təcavüz planetin bütün insanlarının maraqlarına qarşı yönəlmiş təcavüzdür», - o, deyib.

Çin və Hindistan Rusiya-Ukrayna müharibəsinin ona görə dayandırılmasının tərəfdarıdırlar ki, Asiya bölgəsində oxşar gərginliklər yaşanmasın. Vaşinqton da Rusiya-Ukrayna müharibəsinin oxşarının Asiya bölgəsinə sıçramasını istəmir. Ancaq Tayvan adası ətrafında baş verənlər bu bölgədə müharibə ehtimalını artırıb. “Reuters” agentliyinin məlumatına görə, Vaşinqton Tayvanla bağlı Çinə qarşı sərt sanksiyaların tətbiqini nəzərdən keçirib. Vaşinqtonun məqsədi yeni sanksiyalar vasitəsilə Pekinin Tayvana gələcək müdaxiləsinin qarşısını almaqdır. Sanksiyalar içərisində Çinlə ticarətin nisbətən məhdudlaşdırılması, investisiyaların azaldılması və telekommunikasiya sahəsində əməkdaşlığın yenidən nəzərdən keçirilməsidir. Tayvan ABŞ-la yanaşı Avropa İttifaqının da Çinə qarşı sanksiyalar tətbiqini istəyir. Çünki Çinin Avropa ölkələri ilə sıx ticarət əməkdaşlığı mövcuddur, böyük investisiya layihələri gerçəkləşdirilir.

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri bu ökə ilə Çin arasında münasibətləri daha da gərginləşdirib. Pelosidən sonra ABŞ-dan Tayvana daha 3 nümayəndə heyəti səfər edib.

Bu arada, Tayvanın Müdafiə Nazirliyi yaxınlıqdakı adalarda istehkamları möhkəmlətməkdə davam edir. Məqsəd ada üzərində uçuşlar həyata keçirən Çinə məxsus pilotsuz uçuş aparatlarını zərərsizləşdirməkdir. Çünki son aylarda Çin dronları ada ətrafında uçuşlar həyata keçirirlər. Tayvan hərbçiləri sentyabrın 1-də Çinə məxsus dornlardan birini vurublar. Tayvan və ABŞ hesab edir ki, Çinə məxsus dronların ada ətrafında uçuşları mümkün müharibənin işartısı ola bilər.

Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri
Xəbəri paylaş