Ermənilərin başlatdığı 12-13 sentyabr təxribatları və bizim Ordumuzun adekvat cavab tədbirləri növbəti qələbəyə imza atmağımızla bərabər, həm də bir sıra mühüm məqamları da üzə çıxartdı. Məlum oldu ki, Azərbaycan Ordusunun irəliləməsini, bir çox nöqtələrdə xəritə üzərindəki dövlət sərhədləırimizə çıxmasını, delimitasiya olunmamış ərazilərdə erməni təxribatlarının qarşısının alınması üçün önləyici tədbirlər görməsini istəməyən çoxlu sayda daxili düşmənlərimiz, özlərini sülhsevər, pasifist, humanist adlandıran milli xəyanətkarlarımız da varmış. Bu milli şüvənlər həmin günlərdə ermənilərə və onların xaricdəki havadarlarına qoşulub, “ay aman, qoymayın, Azərbaycan Ermənistana təcavüz etdi, ərazilərini ələ keçirdi” kimi iyrənc böhtanı ortaya atmaqdan, tirajlamaqdan belə utanmadılar. Onların xəstə “məntiq”inə görə, guya, həmin ərazilər başqa bir dövlətin beynəlxalq birlik tərəfindən tanınmış əraziləri imiş.
Maraqlıdır, ermənilərin olmayan ərazisindən ötrü yaxasını cıran bu manqurtlar bəs elə həmin beynəlxalq birlik tərəfindən Azərbaycan ərazilərinin tam 30 il Ermənistanın işğalı altında qaldığı dönəmlərdə nə üçün belə canfəşanlıq etmir, niyə erməni təcavüzkarlığını dünyaya bəyan etmirdilər? Bunlar hansı ağılla özlərini siyasətçi hesab edirlər ki, delimitasiya olunmamış əraziləri Ermənistan ərazisi adlandırmağın mümkünsüzlüyünü başa düşə bilmirlər? Əgər 30 illik müstəqillik dönəmində ermənilər həmin ərazilərdə sərhəd-mühafizə sistemi yaratmayıblarsa, siz bu gün hansı haqla həmin əraziləri Ermənistanın ərazisi hesab edirsiniz?
Mənə elə gəlir ki, bütün bu suallara dünən Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərinə səfəri zamanı etdiyi çıxışında ən dolğun bir şəkildə aydınlıq gətirdi. “Ermənistan ərazisini işğal etmişik” deyən milli dönüklər də qoy İlham Əliyevin bu fikirlərini təkrar-təkrar oxusunlar və başlarını heç olmasa biraz da olsa işlətməyə başlasınlar: “Birincisi, əgər sərhəd ermənilərin dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Yəni, bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Ona görə delimitasiya aparılmadan bizi heç kim Ermənistan ərazilərinə girməkdə ittiham edə bilməz”.
Hesab edirəm ki, İlham Əliyevin bu fikirləri Azərbaycanı Ermənistana qarşı təcavüzkarlıqda ittiham edənlərə ən tutarlı cavabdır. “Mən müharibə istəmirəm, sülh olsun” deyən, beynəlxalq hüquqdan dəm vuran və özlərini ermənilərdən artıq ermənisevər kimi göstərən bəzi dırnaqarası “azərbaycanlı”lar bir həqiqəti anlamalıdırlar ki, hazırda nə sülh üçün şərait var, nədəki beynəlxaq hüquq var. Çünki sülhü də, beynəlxalq hüququ da son 30 ildə ermənilər və onlara havadarlıq edən böyük dövlətlər elə özləri “zorlayıblar”. Sizin iradəniz və cəsarətiniz varsa, gedin ilk növbədə demokratik hesab etdiyiniz böyük dövlətlərin və son 30 ildə Ermənistanı idarə etmiş quldurların, müharibə canilərinin yaxasından yapışın. Daha öz dövlətimizə, öz xalqımıza asi olmayın!
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri