ABŞ prezidenti Co Baydenin Azərbaycanın dövlət və milli maraqlarına düşmən mövqeyi məzmununda Ermənistana məktubu elə düşmənin özünü tanıtmasıdır hərçənd ki, bu son 30 ildə ABŞ Azərbaycana düşmənçiliyini dəfələrlə sübut edib.
Əvvəla Bayden bu məktubu ilə ABŞ-ın regionda sülhün bərqərar olmasının əleyhinə olduğunu və separatizmin xarici siyasətində bir təsir vasitəsi kimi istifadə etdiyini göstərir. Maraqlısı da odur ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin timsahın göz yaşlarına bənzər kövrəlməyi ilə müşayət olunan Yeravan səfərindən sonra prezident Baydenin belə bir məktubunu, münasibəti gözlənilən idi. Açığı ABŞ-ın bu məktubu Azərbaycanda hiddətlə qarşılansa da əsl həqiqətdə Azərbaycanın hərbi-siyasi məqsədlərinə irəliləməyə mane olmaq iqtidarında deyil.
Bir həqiqətdə odur ki, ABŞ-ın Ermənistana verdiyi dəstək əslində onu Rusiyanın təsirindən tamamilə çıxarmaq cəhdidir hansı ki, Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmağı elə də asan deyil. İqtisadiyyatı, sərhədləri, bütünlüklə fiziki mövcudluğu Rusiyadan asılı olan Ermənistanın taleyi Baydenin elə həmin məktubunun qurbanına çevirə bilər. Ermənistan ümumən dövlət kimi alət olduğu üçün əldən-ələ keçməyi heç də təəccüblü deyil.
ABŞ-ın Ermənistana dair planlarını Rusiya sükutla müşahidə edən deyil və tezliklə müəyyən siyasi və hərbi proses və əməliyyatlardan Ermənistanın geriyə dönüş edəcəyi şübhəsizdir.
Paşinyanın Ermənistana rəhbər gəlməsindən xeyli öncə bəlli idi ki, o Qərbyönümlü inkişafın tərəfdarıdır və bu gün müşahidə etdiyimiz Ermənistan hakimiyyətinin siyasəti onun Qərb qarşısında siyasi öhdəliklərinin icrası üçün edilən gedişdir. Ancaq Ermənistan özünün fiziki məhv olmaq təhlükəsinin dərəcəsini dərk edə bilmir, səbəb isə müstəqil dövlətçilik təcrübəsinə malik olmamasıdır. Böyük ölçüdə baş verənlər Azərbaycan üçün yeni siyasi və hərbi imkanlar yaradır hansı ki, ABŞ okeanın o tayında gəlib Ermənistanı xilas edən deyil və edə də bilməz.
O ki, qaldı Baydenin Ermənistana məktubu könül bulandırmaqdan başqa bir şey deyil və hər-bir halda rəsmi Bakı buna sərt reaksiya verməlidir. Həmin sözü gedən məktuba cavabımız isə budur: cənab Bayden, sizin nə deməyinizdən asılı olmayaraq Azərbaycan öz məqsədlərindən dönən deyil və bilməyiniz məsləhətdir ki, Azərbaycan əsgəri harada durursa Azərbaycanın da sərhədləri oradan keçir!
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas