Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan sülhə hazır deyil və onun heç belə bir niyyəti də yoxdur

Ermənistan sülhə hazır deyil və onun heç belə bir niyyəti də yoxdur


Ötən gecə (sentyabrın 23-ü saat 19:30-dan saat 23:40-dək) Ermənistan silahlı qüvvələrinin bölmələri yenə də atəşkəs rejimini pozaraq Azərbaycan Ordusunun Kəlbəcər rayonunun istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bunun nəticəsində Azərbaycan Ordusunun üç nəfər hərbi qulluqçusu yaralanıb. Bu, Ermənistan tərəfinin növbəti xain davranışıdır.

Maraqlıdır ki, Ermənistan özü atəşkəsi pozur, lakin atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə yalan məlumatlar, dezinformasiyalar yayır. Bu ölkənin Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələri tərəfindən guya təxribat törədilməsi iddiası ilə çıxış edir və beləliklə, növbəti dəfə dünya ictimaiyyətini aldatmağa çalışır. Biz Ermənistanın bu cür məkrli davranışlarına artıq adət etmişik.

Bir ölkənin ki liderləri (istər Ermənistanın əvvəlki prezidentləri, istərsə də hazırkı baş naziri) BMT kimi mötəbər bir təşkilatın kürsüsündən qırmızı-qırmızı yalan danışa və Azərbaycanı Ermənistan ərazilərini işğal etməyə hazırlaşmaqda ittiham edə, onda o ölkənin Müdafiə Nazirliyindən doğru-dürüst informasiya gözləməyimizin özü bizim tərəfimizdən absurd olardı.

Bəli, srağa gün (sentyabrın 22-si) Nikol Paşinyanın BMT Baş Assambleyasında çıxışı zamanı “Azərbaycandan yeni təcavüz təhlükəsi var”, - deyə həyasız bir iddia ilə çıxış etməsi, ölkəmizi guya “yeni hücum”a hazırlaşan və Ermənistan ərazilərini işğal etmək istəyən tərəf kimi təqdim etməyə can atması əslində düşmən ölkənin növbəti təxribatlara hazırlaşdığına bir işarə idi.

Sadəcə olaraq Paşinyan "qara məni basınca, mən qaranı basım" prinsipi ilə hərəkət edərək necə deyərlər, izi azdırmağa, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Bu mənada, Ermənistan baş nazirinin BMT-nin ali kürsüsündən etdiyi davakar və riyakar çıxışı əslində həm onun özünün, həm də bütövlükdə Ermənistan adlı dövlətin iç üzünü açıb ortaya qoyur və eyni zamanda bu ölkənin rəhbərliyinin sülh prosesinə necə qüsurlu və məkrli yanaşdığını göstərir.

Lakin Paşinyan öz vətəndaşlarını aldatmağa çalışa bilər, ancaq böyük dövlətləri isə heç cürə aldada bilməz. Belə ki, ABŞ, Fransa və Böyük Britaniya kimi ölkələrin Ermənistandakı səfirliklərinin bu aralar öz vətəndaşlarına Ermənistana getməməyi tövsiyə etməsi əslində real təxribatlara hazırlaşan tərəfin hansı ölkə olduğunu əyani surətdə göstərir.

Aydındır ki, bu gün Ermənistan sülhə hazır deyil və onun heç belə bir niyyəti də yoxdur. Ona görə də bu ölkənin hərbi-siyasi rəhbərliyi davamlı təxribatlar törətməklə sülh danışıqlarını arxa plana keçirməyə, prosesi qəsdən tormozlamağa çalışır. Lakin Paşinyan danışıqlar prosesini, sülh müqaviləsinin bağlanmasına hazırlıq prosesini uzun müddətə ləngidə bilməz. Çünki Paşinyanın nə belə bir gücü, nədəki şansı yoxdur. Azərbaycan tezliklə Ermənistanı sülhə məcbur edəcək. Şərtləri diktə edən tərəf də biz olacayıq, Ermənistan yox!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş