Güzəştli mənzil satışı prosesində yaranan neqativ halları nə MİDA-nın fəaliyyətində, nə sistemin çökməsində, nə də hansısa kiber müdaxilədə görmürəm. Hər nə etsələr də belə problemlər olacaq. Ona görə ki, ən böyük yanlışlıq güzəştli mənzilləri əldə etmək üçün tətbiq edilən mexanizmdədir.
Baxın, adını "güzəştli" qoyub, amma qazanmaq şansını kimlərə veririk? Yüksək İT bacarığı olan, kompüterlə cəld işləməyi bacaran, yüksək internet sürəti olan və s. insanlara.
Bunun harası güzəşt fəlsəfəsinə uyğundur?! Burda bacarıq fəlsəfəsi hökmranlıq edir. Bəlkə birinin əqli cəhətdən zəifdir, bəlkə birinin olduğu ərazidə internetin başına oyun açırlar, bəlkə birinin "mışka" tutan əllərində qüsur var, bəlkə seçim olan günü Azərişığın ürəyi istədi birinin məhəlləsində işığı söndürdü?
Olmaz!
"Güzəştli mənzil" kimi gözəl ideyanı sonda gətirib fiziki və zehni bacarığa bağlamaq olmaz!
Gözəl "Güzəşt" konsepsiyasını sonda hiyləgər "Şans oyunu"na çevirmək olmaz!
Mexanizm dəyişməlidir. Güzəştli mənzilə haqqı çatan insanlar arasından daha çox haqq edənlərin seçilməsi üçün daha təkmil mexanizm müəyyən edilməlidir və bu mexanizm qurmaq elə də çətin deyil.
Eldəniz Əmirov-iqtisadçı