Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Milli təhsil siyasətinin formalaşdırılması" mövzusunda görüş keçirilib

"Milli təhsil siyasətinin formalaşdırılması" mövzusunda görüş keçirilib


Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə həyata keçirdiyi "Təhsil siyasəti və idarəetməsi" ixtisası üzrə magistr proqramında Dr. Elizabet Qrant və Sevinc Məmmədovanın "Milli təhsil siyasətinin formalaşdırılması" fənninin tədrisinə dair görüş keçirilib.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, görüşdə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva və İkili diplom proqramının ADPU tərəfdən baş direktoru Tofiq Əhmədov iştirak ediblər.

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri E.Əliyev təhsil islahatları, müəllimlərin sertifikasiyası, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulan hədəflər, beynəlxalq qiymətləndirmə standartlarının tətbiqi ilə bağlı məruzə ilə çıxış edib.

Paytaxt təhsili haqqında məlumat verən BŞTİ müdiri M.Vəliyeva məktəblərin fəaliyyəti, keyfiyyətin və səmərəliliyin artırılması istiqamətində görülən işlər, məktəb idarəolunması, müəllimlərin peşəkarlığının artırılması və məktəb-valideyn əməkdaşlığından danışıb. İdarə müdiri tələbələrə müraciət edərək bildirib ki, sizin kimi potensiallı gənclərin BŞTİ və paytaxt təhsilində tədqiqatların aparılması və təcrübə proqramlarında iştirakı arzulanandır.

İkili diplom proqramının ADPU tərəfdən baş direktoru T.Əhmədov innovativ təlim-tədris texnologiyalarından yararlanaraq təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislərin yetişdirilməsinin vacibliyindən danışıb.

Sonra tələbələrin təhsilin idarə olunması, təhsil tədqiqatları, ümumi təhsil məktəblərinin fəaliyyəti, təhsil islahatları və müəllimlərin sertifikasiyasına dair suallarına aydınlıq gətirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

R.Mehdiyeva
Xəbəri paylaş