Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zakir Həsənovdan "vur" əmri

Zakir Həsənovdan "vur" əmri


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov dünən xidməti müşavirə keçirib. O, şəxsi heyətin sayıqlığının artırılması və Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının bundan sonra da dərhal və qətiyyətlə alınması barədə konkret tapşırıqlar verib.

General-polkovnik Z.Həsənov bölmələrdə qışa hazırlıq işlərinin plana əsasən yekunlaşdırılması, xüsusilə dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə lazımi ehtiyatların çatdırılması barədə aidiyyəti şəxslərə müvafiq göstərişlər verib.

Məlumdur ki, Ermənistan hələ delimitasiya və demarkasiya olunmamış dövlət sərhədində təxribatları davam etdirir. Provokasiyalar, demək olar, hər gün baş verir.

Sentyabrın 12-də düşmənin genişmiqyaslı növbəti sabotaj cəhdinə layiqli cabab verərək Ermənistan Silahlı Qüvvələrinin “burnunu əzmişdik”. Bundan sonra qarşı tərəf bizi dövlət sərhədini pozmaqda ittiham etmişdi. Məsələ isə ondan ibarətdir ki, davamlı təkidlərimizə rəğmən, hələ sərhədlər müəyyənləşməyib. Deməli, sərhəd pozuntusu haqqında danışmaq düzgün deyil.

İrəvan sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə yaxın durmamaqla ilk növbədə özünün regionla bağlı destruktiv mövqeyini ortaya qoyur. İkinci bir tərəfdən, Ermənistan məhz bu yolla Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham etmək istəyir. Ancaq qarşı tərəf başa düşməlidir ki, bu, mənasızdır. Sərhədlərin müəyyənləşməməsi Ermənistanın özünə ziyandır. Çünki biz düşmənin hər təxribatına adekvat, layiqli cavab verəcəyik. Və bu zaman İrəvan Bakını heç bir haqla nədəsə günahlandıra bilməz. Deməli, indiki halda sərhədlərin delimitasiya və demarkasiyası ən çox Ermənistanın özünə lazımdır.

Əvvəllər də dediyimiz kimi, davam edən sabotajlar Ermanistan iqtidarının öz iradəsi və ya kənar qüvvələrin təsiri ilə baş verə bilər. Amma bu, bizim üçün o qədər də əhəmiyyətli deyil. Vacib olan nəticə, təhlükəsizliyimizə qarşı təhdiddir. Azərbaycan ordusu, əlbəttə, istənilən təhdidin qarşısını almağa qadirdir.

Çox güman ki, təxribatlar davam edəcək. Ermənistanın regional siyasəti belə düşünməyə əsas verir. Bu isə o deməkdir ki, düşmənin "burnu hələ çox əziləcək".

Adətən Zakir Həsənovun xidməti müşavirələrdə verdiyi müvafiq tapşırıqlardan sonra Ermənistanın təxribatlarına adekvat cavab verilir, düşmən yerinə oturdulur.

Əgər sabotajlar gələcək günlərdə davam edərsə, bu, düşmənə baha başa gələcək. Bizim təhlükəsizliyimiz naminə həm Qarabağda anti terror əməliyyatı keçirməyə, həm də müəyyənləşdirilməmiş dövlət sərhədində düşmən təxribatlarına tutarlı cavab verməyə haqqımız var. Ermənistan şanslarını minimallaşdırmaq istəmirsə, gərək bizi bu hüquqlarımızdan istifadə etməyə məcbur etməsin.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş