Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tariximizin ən böyük uğurlarındandır. Azərbaycan xalqı, Ordusu və dövləti birlikdə bu Böyük Zəfəri qazanıb. Çünki, düşmən özü qarşımızda zəif olsa da, arxasında duran qüvvələr çox güclü idi.
Ötən əsrin sonlarına doğru Ermənistanın Azərbaycana torpaq iddiaları qaldıraraq işğal müharibəsinə başlamasını münaqişə adlandıran beynəlxalq güclər 1992-ci il 24 martda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ATƏM-in (sonrakı ATƏT) Minsk Qrupunu yaratdılar. Bu qurum məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdı. Ümumiyyətlə, Qərb dünyasına bağlı beynəlxalq təşkilatların əksəriyyəti bu istiqamətdə Azərbaycana yad münasibət bəsləmiş, işğaqlçı ilə işğala məruz qalan arasında fərq qoymamışlar.
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxması barədə qəbul etdiyi 4 mühüm qətnamə 27 il kağız üzərində qalmışdır. Dünya dövlətlərinin ümid bəslədiyi BMT kimi ən böyük və güclü beynəlxalq təşkilat çılız Ermənistan qarşısında acizlik göstərmiş, öz qətnamələrinin yerinə yetirilməsini təmin etməmişdir. Bu, beynəlxalq aləmdə misli görünməmiş riyakarlıq nümunəsi idi. Ancaq Azərbaycan özü təkbaşına beynəlxalq birliyin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi bacardı. Xalqımızın Zəfəri dünya tarixinin nadir hadisələrindəndir. Azərbaycan sübut etdi ki, azadlıq uğrunda vuruşan xalq həmişə qalib gəlir.
Akif Nağı-Azad Vətən Partiyasının sədri