Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə müzakirə aparacaq.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaponiyalı jurnalistlərlə görüşündə deyib.
“Ümidimiz hələ də var. Məqsədimiz liderləri bir araya gətirməkdir”, - o vurğulayıb.
M.Çavuşoğlu söyləyib ki, Ukrayna üçün ədalətli sülh əldə olunmalıdır: “Çünki torpaqları işğal altındadır”.
O xatırladıb ki, martın sonunda Rusiya və Ukrayna nümayəndələri İstanbulda bir araya gəliblər: “O zaman biz sülhün əldə olunacağı ilə bağlı daha ümidli idik”.
M.Çavuşoğlunun sözlərinə görə, hazırda yeni reallıqlar yaranıb: “Ukrayna üçün durum daha həssasdır. Çünki onun torpaqları işğal olunub”.
XİN başçısı bildirib ki, tərəflər zəif mövqedə masaya oturmaq istəmirlər: “Hər iki tərəf müharibənin qalibinin olmayacağını anlayanda onların müzakirə masasına qayıtmaları daha asan olacaq”.
M.Çavuşoğlu söyləyib ki, Ukraynada müharibənin uzanmasını istəyən Qərb ölkələri var: “Sülh üçün onları da razı salmaq lazımdır”.