Dünya Alpaqut Federasiyasının (DAF) prezidenti, millət vəkili Jalə Əhmədova Bakı Regional Alpaqut Nümayəndəliyinin dəvəti ilə Sabunçu İdman Arenasında yerləşən “Wolf” İdman klubunda Alpaqut idmançıları ilə görüşüb.
Newscenter.az-a Federasiyadan bildirilib ki, görüşdə Suraxanı, Binəqədi, Sabunçu və Abşeron rayon idmançıları iştirak ediblər.
Görüşün məqsədi, Alpaqut milli idman növünün Azərbaycanda inkişafı ilə bağlı görülən işlər haqqında məlumat almaq və Federasiyanın bu istiqamətdə qarşılaşdığı problemləri araşdırmaq və aradan qaldırmaq, eləcə də hakim, idmançılar və idarəetmə strukturu ilə daha yaxından tanış olmaq idi.
Səmimi ab-havada keçən görüş zamanı, DAF-ın prezidenti Jalə Əhmədova, türksoylu xalqların ortaq mədəniyyətini və Turan döyüş sənətini inkişaf etdirən Alpaqutun Azərbaycanın idman brendi kimi dünyada təbliğatının vacibliyini və səylərin daha da artırılmasını qeyd edib. Bu istiqamətdə məşqçilərə və idmançılara tövsiyələrini verən millət vəkili, alpaqutçulara gələcək yarışlarda uğurlar arzulayıb.
Bakı Regional Alpaqut Nümayəndəliyinin sədri Şahlar Vəliyev və Hakimlər Kollegiyasının sədri Elşən Məmmədov Jalə Əhmədovanı Dünya Alpaqut Federasiyasının prezidenti seçilməsi münasibəti ilə təbrik edib, məşqçi və idmançıların qayğıları ilə maraqlandığı üçün təşəkkürünü bildirib.
Ruhiyyə