Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səfir “Tbilisi Marafonu”na Azərbaycandan qatılan iştirakçıları qəbul edib

Səfir “Tbilisi Marafonu”na Azərbaycandan qatılan iştirakçıları qəbul edib


Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev “Tbilisi Marafonu”na Azərbaycandan qatılan iştirakçıları qəbul edib.

Newscenter.az-a səfirlikdən bildirilib ki, arafonçuları səfirlikdə salamlamaqdan böyük şərəf duyduğunu bildirən səfir onların hər birini fəal iştiraka görə təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb.

Faiq Quliyev Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi, mötəbər idman tədbirlərinin ən yaxşı təşkilatçısı kimi tanındığını qeyd edərək, ölkədə idman hərəkatının genişlənməsinə göstərilən diqqətdən söz açıb. O bildirib ki, Azərbaycan idmançılarının beynəlxalq idman arenalarında fərqlənmələri və yüksək nəticələr əldə etmələri uğurlu idman siyasətinin nəticəsidir.

İdmanın güclü birləşdirici qüvvə olduğunu vurğulayan səfir deyib ki, Azərbaycan və Gürcüstanda keçirilən yarışlarda qarşılıqlı iştirak azərbaycanlı və gürcü idmançıların yaxından tanış olmasına və yeni dostluq əlaqələrinin qurulmasına imkan verir.

Faiq Quliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu il beşinci dəfə baş tutmuş “Bakı Marafonu”na da toxunub və Gürcüstanda bu kütləvi idman tədbirinə olan marağın ildən-ilə artdığını vurğulayıb.

Diplomat səfirliyin ötən ilin oktyabr ayında Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümünə həsr etdiyi Tbilisi-Rustavi marafonunu xatırladıb, bu cür tədbirlərin təşkilində əldə edilən təcrübənin gələcəkdə də bu kimi idman yarışlarını davamlı olaraq keçirməyə imkan verdiyini bildirib.

Səfir “Tbilisi Marafonu”nun 10 kilometr məsafə üzrə qadınlar arasında I yeri tutmuş “Bakı Marafonu - 2019”un bürünc medalçısı Anna Yusupova və 10 kilometr məsafə üzrə kişilər arasında qalib olan Vüqar Abdullayevi təbrik edib. Qalib marafonçular Azərbaycan səfirliyinə səmimi qəbula, qonaqpərvərliyə və göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Marafonun digər iştirakçısı, Azərbaycan Paralimpiya Komitəsi, Paralimpiya üzrə Milli Atletika komandası, Qaçış hər kəs üçün Komitəsinin üzvü Elşən Quliyev səfirlikdə qəbula görə minnətdarlıq edib. O, Tbilisi-Rustavi marafonunda iştirakını xatırlayaraq yarışdan çox xoş təəssüratlarla ayrıldığını bildirib. Elşən Quliyev deyib ki, növbəti ildən Qaçış hər kəs üçün Komitəsi beynəlxalq yarışlar da təşkil etməyi planlaşdırır. O, bu cür idman tədbirlərinin həyata keçirilməsində Azərbaycanın Gürcüstandakı səfirliyinə əməkdaşlıq təklif edib.

Səfir Faiq Quliyev təklifi qəbul etdiyini və səfirliyin kütləvi idmanın təbliği məqsədilə müxtəlif yarışların təşkilində iştirak etməyə hazır olduğunu bildirib.

Daha sonra yarışçılar “Tbilisi Marafonu” ilə bağlı təəssüratlarını, maraqlı və yaddaqalan anları bölüşüblər. Sonda xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, Azərbaycandan Tbilisidəki marafona üç yaş qrupu üzrə 16 peşəkar və həvəskar qaçısı qatılıb. Xeyriyyə məqsədilə onuncu dəfədir baş tutmuş “Tbilisi Marafonu”nda bir sıra ölkələrdən üç minə yaxın qaçıcı iştirak edib. Yarışdan əldə olunan vəsait autizmli uşaqların valideynlərinin fonduna köçürüləcək.

Mehman
Xəbəri paylaş