Əsrlər boyu ermənilər Azərbaycanlılara qarşı bir sıra vandalizm aktları törətmişlər. 27 Sentyabrda Ermənistanın növbəti məkrli niyyətinin qarşısı qətiyyətlə alındı. Tarixdə ilk dəfə torpaq itirmədik, uzun illər işğal altında qalan torpaqlarımızı azad etdik.
Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin siyasətində Qarabağın azad olunması hər zaman prioritet məsələlərdən biri olub. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən erməni vəhşiliklərinə son qoymaq və Qarabağ məsələsinin həll üçün səylə çalışdı. Cənab Prezident xalqın birliyi, öz uğurlu siyasəti və ordumuzun gücü sayəsində bu məqsədinə çata bildi.
27 sentyabrla başlayan Zəfər yolumuz 8 noyabrda Şuşada üçrəngli Azərbaycan bayrağının dalğalanması ilə yekunlaşdı. Bundan sonra xalqımız qalib və müzəffər xalq kimi yaşamağa başladı. Artıq qovuşduğu torpaqlardan Azərbaycan xalqını heç bir qüvvə çıxara bilməyəcək.
Hələ daha öncədən Heydər Əliyevin idarəetməsi dövründə Azərbaycanda ordu quruculuğu məsələlərinə xüsusi diqqət ayrılırdı. Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq Heydər Əliyevin əsas həyat fəlsəfəsi idi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində I Qarabağ müharibəsindən sonra Azərbaycan Milli Ordusunun formalaşması prosesi daha da sürətləndirildi. Ümummilli liderimiz dərin zəkası, bilik və bacarığı ilə ölkəmizi qarşılaşdığı ağır və sərt sınaqlardan üzüağ çıxarmağı bacardı.
Bugünkü müstəqil, inkişaf etmiş, azad Azərbaycan Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizə, xalqımıza göstərdiyi qayğının nəticəsində formalaşıb. Azərbaycanda Ordu Quruculuğu böyük inkişaf yolu keçib. 30 il əvvəl ölkəmizdə nizami ordu yox idi, lakin hazırda Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır.
Artıq Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli Azərbaycan bayrağının ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərində dalğalanması çox qürurvericidir.
Son 30 il ərzində ölkəmiz dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. İşğal edilmiş ərazilərdə etnik təmizləmə aparılmasına, dini, tarixi, mədəni abidələrin dağıdılmasına, yaşayış məntəqlərinin viran edilməsinə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi reaksiyalar göstərilməmişdi. Münaqişənin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ola bilərdi, lakin bu təzyiqlər reallaşmadı, ikili standartlar ö sözünü dedi.
Bütün bunların nəticəsində 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan güc vasitəsilə həll etdi. Azərbaycan Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrinin icra olunmaması ilə bağlı yükü götürmüş oldu.
Bu Zəfərdə payı olan bütün əsgərlərimiz, zabitlərimiz bizim qürur yerimizdir. Bizə bu zəfəri bəxş edən şəhidlərimiz daima qəlbimizdə yaşayacaq, onlar heç zaman Azərbaycan xalqı tərəfindən unudulmayacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ceyhun Məmmədov-Milli Məclisin deputatı