Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi

44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi


27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsinin möhtəşəm Qələbə ilə başa çatması tariximizin şanlı qürur-iftixar səhifəsidir. Cəmi 44 gün bəs etdi ki, Azərbaycan tarixinin son yüzilliklərdəki axını tərsinə çevrilsin və Güney Qafqaz regionunda yeni reallıq bərqərar olsun və bu 44 gün müddətində terrorçu Ermənistanın "status-kvo”nu ürəyində qalsın. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində də dəfələrlə bildirdi ki, "status-kvo” artıq yoxdur: "Status-kvo” deyilən məsələ yoxdur. Qurtardı getdi. "Status-kvo” belə olmalıdı, elə olmalıdır. Mən dəyişdirdim status-kvonu. Bax, orada, döyüş meydanında. "Status-kvo” yoxdur. Təmas xətti – yoxdur təmas xətti, yarmışıq onu. 30 ildir qururdular bu təmas xəttini. Özü də bu bölgənin relyefi belədir ki, o, təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də orada beton istehkamlar qurulub – 30 il ərzində! Yarıb keçmişik! Azərbaycan əsgərinin qabağında heç kim heç nə deyə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Deyirlər, yeni təmas xətti olacaq. Olmayacaq”.

"Dəmir yumruq” birliyi ilə haqq-ədaləti bərpa etmiş Azərbaycan xalqının birlik, güc rəmzi ilə böyük qələbə, zəfər tarixini yazdı. Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın "Dəmir yumruğ”unun ətrafında birləşməsi ilə bütün dünyaya gücünü göstərdi. Ermənistan bu illər ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə etinasızlıq göstərməsinə baxmayaraq, Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, o özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu etdi!

Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutatacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir". Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi.

Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Və döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı. Ərazi bütövlüyümüz təmin olundu. Bir sözlə, “Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən Prezidentimiz hər zaman olduğu kimi, bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.Bir sözlə, .27 sentyabr və 10 noyabr tarixləri – bu iki rəqəm Azərbaycan təqvimində hər zaman xüsusi qeyd ediləcək. Sentyabrın 27-dən başlanan zəfər yürüşünə başlayan Güclü Ordumuzun əsgər və zabitləri, hərbçiləri göstərdikləri şücaətlə, qəhrəmanlıqla qısa müddət ərzində - 44 günlük Qarabağ adlı haqq savaşında Azərbaycan özünün hərbi və siyasi gücünü sübut edərək tarixi qələbə qazandı.

2020-ci ilin 10 noyabr tarixi Azərbaycan tarixinə Qələbə Günü kimi düşdü. Bəli, budur Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin proqmatik siyasəti! Budur, xalq-iqtidar-ordu birliyi. Xalq-Prezident və Ordu birliyi və həmrəyliyi. Bəli, bu gün qürurla bütün dünyada sözümüz keçərli, başımız ucadır. Bu, Müzəffər Azərbaycan ordusunun gücüdür, potensialıdır. Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev cənablarının 27 sentyabr tarixini Azərbaycanda Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncamı şəhidlərin ruhlarına, onların doğmalarına ali səviyyədə ehtiramın göstəricisidir. Çünki bütün bunlar Vətən müharibəsində Azərbaycan əsgərinin qazandığı Zəfərin nəticələridir. Zəfərin başlanğıcı isə 27 sentyabr tarixidir. Zəfər bayramın mübarək, Azərbaycan xalqım!

Güloğlan Cabbarlı-Dünya və Avropa çempionu
Xəbəri paylaş