Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev: Şəhidlər bizim qəlbimizdə əbədi yaşayacaq

İlham Əliyev: Şəhidlər bizim qəlbimizdə əbədi yaşayacaq


Tarix bəşəriyyətin keçdiyi yolu əks etdirən xəzinədir, xalqların ictimai-siyasi yaddaşı isə onların müqəddəratını həll edən, tarixi sınaqlardan şərəflə çıxmasına zəmin yaradan milli sərvətdir. Bu reallıq fonunda xalqların azadlıq, istiqlal, ədalət uğrunda mübarizəsi isə ayrı-ayrı qəhrəmanlıq nümunələrini özündə əks etdirən tarixi salnamələrdir. Vətən uğrunda milli mücadilələr forma etibarilə bir-birinə bənzəsələr də, bir-birindən fərqlənsələr də, məqsəd və mahiyyət eynidir: dövlətin maraqlarını, xalqın mənafeyini qorumaq, tarixi ədaləti bərpa etmək.

Çoxəsrlik tarixə malik olan Azərbaycan xalqı da müxtəlif dövrlərdə öz milli kimliyini, mənəvi-siyasi iradəsini ortaya qoyaraq şanlı və şərəfli mübarizə nümunələri yaradıb. Bir çox örnək sadalana bilər, amma bu xüsusda zirvə hadisəsi, heç şübhəsiz, milli qürur və iftixar mənbəyi, qəhrəmanlıq və məğrurluq rəmzi, həmrəylik nümunəsi olan tarixi Zəfər – Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbədir.

Ermənistanın təcavüzkar siyasətinə göz yuman bir sıra güc mərkəzlərinin ikili standartlar siyasətinə, beynəlxalq təşkilatların selektiv yanaşmasına, mürəkkəb geostrateji şərtlərə və şəraitə baxmayaraq, Azərbaycan xalqı torpaqlarımızın işğal faktı ilə barışmadı, inamını itirmədi, 30 ilə yaxın müddət ərzində haqq-ədalət mübarizəsini davam etdirdi və Qələbəyə kökləndi. Çünki xalqa arxalanaraq Azərbaycan dövlətini Zəfərə aparan liderlər - ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tarixin mühüm anlarında və taleyüklü məqamlarında ölkəni çətin sınaqlardan çıxarmaqla, parlaq nailiyyətlərə imza atmaqla bu güvəni - Qələbə inamını yaratdı. “Münaqişənin hərbi yolla həlli yoxdur” deyənlər, Azərbaycanın təcavüzkar siyasətə - işğal və separatizm faktına dözəcəyini düşünənlər yanıldılar – ümummilli lider Heydər Əliyev və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənin bütövlüyünü, tarixi ədaləti bərpa etmək uğrunda haqq mübarizəsini şərəflə, ləyaqətlə və qətiyyətlə aparan Azərbaycan xalqı iradəsini ortaya qoydu, sözünü dedi, gücünü göstərdi və haqq savaşında məqsədinə nail oldu.

İki il öncə - 2020-ci ilin sentyabrın 27-də işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti təxribatına şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə cavab verdi, 30 illik işğala son qoymaq üçün 44 gün davam edəcək Zəfər yürüşünə başladı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qətiyyətli mövqe sərgiləyərək və güclü siyasi iradə ifadə edərək xalqımıza müraciət etdi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə həyata keçirən müasir və qüdrətli Azərbaycan Ordusu işğalçı hərbi birləşmələrə sarsıdıcı zərbələr endirdi, ard-arda yaşayış məntəqələrimizi, strateji yüksəklikləri azad etdi, bununla da adını tarixə əbədi həkk etdirdi. 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad edən Silahlı Qüvvələrimiz daha bir tarixi missiyasını müvəffəqiyyətlə yerinə yetirdi. Noyabrın 8-də əzəli və əbədi Azərbaycan torpağı – dünyanın mədəniyyət incilərindən olan qədim Şuşa şəhəri Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin xüsusi məharəti, böyük şücaəti və nümunəvi rəşadəti, Prezident İlham Əliyevin qətiyyəti sayəsində 28 illik hərbi-siyasi əsarətdən xilas edildi. Xüsusi qeyd etmək lazımdır ki, Müzəffər Ali Baş Komandanımızın Şuşanın işğaldan azad olunması barədə müjdəni məhz Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciəti zamanı verməsi Vətənin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna ali ehtiram nümunəsi idi. Prezident İlham Əliyev qeyd etmişdi: “... Bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq”.

Prezident İlham Əliyev məğrur Sərkərdə, qətiyyətli Lider, Müzəffər Ali Baş Komandan və tarixi şəxsiyyət kimi həm Azərbaycan xalqına verdiyi vədi, həm də ata vəsiyyətini layiqincə - qürurla və şərəflə yerinə yetirmək iftixarına nail oldu, millətimizin Qələbə Zirvəsinə - Zəfər məqamına yüksəlməsinə müvəffəq olmaq xoşbəxtliyini yaşadı və yaşatdı. Xalqa müraciətində Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışan Müzəffər Ali Baş Komandan “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” ,- deyə vurğuladı.

Döyüş meydanında tarix yazan Azərbaycan Ordusunun Şuşanın qurtuluşundan bir gün sonra daha 70-dən artıq yaşayış məntəqəsini işğaldan azad etməsinin ardından Ermənistanın təslimçilik mövqeyindən çıxış etməsi və onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalaması Azərbaycanın qələbəsinin siyasi-hüquqi təsdiqi oldu. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanata əsasən üzərinə bir sıra öhdəliklər götürən işğalçı dövlətin sonradan Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk etməsi Azərbaycanın hərb meydanında qazandığı möhtəşəm qələbənin diplomatiya müstəvisində davamı olmaqla Zəfər tariximizin ən mühüm və parlaq səhifələrindən birinə çevrildi. Bütün cəbhələrdə - istər hərb meydanında, istər diplomatiya müstəvisində, istərsə də informasiya platformasında tarixi qələbənin memarı – müəllifi olan İlham Əliyev qürurla bəyan etdi: “Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü və milli ləyaqətimizi bərpa etdik”.

Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etməklə öz qüdrətini bütün dünyaya nümayiş etdirdi. Son 200 illik tariximizdə bənzəri olmayan böyük Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin deyil, eyni zamanda, milli qürurun bərpasının təzahürüdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi: “Biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq. Heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi. Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi. Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər. Mən isə həmişə deyirdim ki, Azərbaycan xalqı buna heç vaxt razı olmayacaq. Həmişə deyirdim ki, məsələ sülh yolu ilə həll olunmasa, bunu hərb yolu ilə həll edəcəyik və etdik. Cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdik. Alınmaz qala sayılan Şuşanı azad etdik. Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Hadrutu, Xocavəndi döyüş meydanında azad etdik. Düşmən diz çökdü və Laçını, Kəlbəcəri, Ağdamı tərk etməyə məcbur oldu”.

Heç şübhəsiz, qələbə zirvəsinə aparan Zəfər yolunun 30 ilə yaxın müddətdə hərbi-strateji və mənəvi-siyasi cəhətdən inşası uzunmüddətli proses kimi böyük əzm və mübarizə, xalq-iqtidar birliyini və iqtisadi inkişafı, resursları vahid məqsədə yönəltmək üçün uğurlu siyasət, güclü iradə və qətiyyət tələb edirdi. Ona görə də mürəkkəb geosiyasi şəraitdə, dünya siyasətində toqquşan və kəsişən strateji maraqlar fonunda Azərbaycanın torpaqların işğaldan azad edilməsinə müvəffəq olması sadə və sıradan məsələ deyil. Bu gün qürurla və iftixarla qeyd edirik ki, torpaqlarımız döyüş meydanında Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun işğalçıları darmadağın edərək layiqincə cəzalandırması nəticəsində azad olunub. Bu, XXI əsrin müharibəsini aparan Azərbaycan Silahlı Qüvvələrinin gücünü, əzmini və peşəkarlığını əks etdirən çox mühüm faktdır. Eyni zamanda onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi müstəqillik illərində milli maraqlara əsaslanan və müasir qlobal çağırışlara müvafiq aparılan strateji kursun real - məntiqi nəticəsidir.

Əvvəla qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin siyasətini dövrün tələblərinə uyğun olaraq keyfiyyətcə yeni müstəvidə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın milli gücünün artmasını, strateji hədəflərə və qələbəyə doğru əmin addımlarla irəliləməsini təmin etdi. Xüsusilə də, dövlət başçısının inkişafa, intibaha, tərəqqiyə və qələbəyə hədəflənən siyasəti sayəsində Azərbaycanın iqtisadi müstəqilliyi təmin edildi, ölkənin maliyyə imkanları, regional və beynəlxalq təsir mexanizmləri genişləndi. Yəni güclü iqtisadiyyat quruculuğu, iqtisadi inkişaf bizi tarixi Zəfərə aparan çox mühüm – həlledici amillərdən biri oldu. Dövlət başçısının qeyd etdiyi kimi, əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı.

İqtisadi müstəqilliyin və milli inkişafın təmin olunmasına paralel olaraq modern ordu quruculuğu strategiyasının müvəffəqiyyətlə icra edilməsi, müasir standartlar və yeni yanaşmalar əsasında Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, hərbi hazırlıq səviyyəsinin artırılması, maddi-texniki təchizatının gücləndirilməsi Azərbaycanın öz suverenliyini döyüş meydanında - hərb müstəvisində təmin etməsini mümkün etdi.

Azərbaycan, eyni zamanda, hədəfinə - ərazi bütövlüyünün bərpasına doğru hücum xarakterli, dərin strateji diplomatiya siyasəti həyata keçirməklə irəlilədi. Müasir beynəlxalq münasibətlər sistemində güclü dostluq və tərəfdaşlıq əlaqələrinin formalaşdırılması, sürətli yüksəlişin təmin edilməsi haqq işində qətiyyətli və birmənalı mənəvi-siyasi dəstək qazanılması baxımından xüsusi əhəmiyyətə malik oldu. Qərəzli dairələrin məkrli planlarının iflasa uğradılması, beynəlxalq təşkilatlarda ərazi bütövlüyümüzün dəstəkləndiyi qərar və qətnamələrin qəbuluna nail olunması münaqişənin həlli istiqamətində ölkəmizin haqlı mövqeyinin möhkəmlənməsinə şərait yaratdı.

Hücum diplomatiyasının tərkib hissəsi kimi uğurlu informasiya strategiyasının tətbiq olunması, bir sıra mərkəzlərin Azərbaycana qarşı qara piar kampaniyasının fiaskoya uğradılması da siyasi-strateji hədəflərimizi şərtləndirən və təsir imkanlarımızı artıran çox önəmli faktora çevrildi. Xüsusilə, Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin 30-dan çox xarici kütləvi informasiya vasitələrinə müsahibələr verərək reallıqları – Azərbaycanın haqlı mövqeyini, ədalətli yanaşmasını, Ermənistanın müharibə cinayətlərini, siyasi sabotajlarını, regional və beynəlxalq güclərin münaqişəyə dair yanaşmalarının mahiyyətini diqqətə çatdırması ölkəmizə mühüm siyasi-diplomatik üstünlüklər qazandırdı, beynəlxalq ictimai rəyin Azərbaycanın lehinə formalaşmasını təmin etdi. Bir sözlə, Liderin prinsipial mövqeyi – güclü siyasi iradəsi, xalqın dövlətə, Ali Baş Komandana, Orduya qətiyyətli dəstəyi bütün təhdid və təzyiq cəhdlərinin qarşısının alınmasını şərtləndirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu məqamlara toxunaraq “… bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi” ,- deyə vurğulayıb.

Azərbaycanın təntənəli Zəfər yürüşünün uğurlu və möhtəşəm olmasını təmin edən ən mühüm amillərdən biri milli həmrəylikdir. Xalqımızın birliyi müstəsna amil kimi tariximizin müxtəlif dönəmlərində - taleyüklü məqamlarda öz sözünü deyib. Hələ 2016-cı ildə Aprel döyüşləri və 2018-ci ildə Günnüt əməliyyatı zamanı, 2020-ci ilin iyul ayında dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın təxribatlar törətdiyi vaxt Azərbaycan xalqı, xüsusilə də gənclər Ali Baş Komandanımıza, dövlətimizə və ordumuza birmənalı dəstəklərini ifadə etmişdilər. Eyni zamanda, İkinci Qarabağ müharibəsində vahid yumruq kimi birləşən xalqımız həmrəylik nümunəsi ortaya qoyaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda böyük fədakarlıq nümayiş etdirdilər. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü naminə aparılan haqlı və şərəfli mübarizədə böyük şücaət, rəşadət və cəsarət göstərərək tarix yazan əsgər və zabitlərimiz, arxa cəbhədə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən mülki şəxslər, bütövlükdə dünya azərbaycanlıları əzm və iradə, vahid yumruq kimi birlik nümayiş etdirərək Qələbəmizə müstəsna töhfə verdilər. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların respublikanın ərazi bütövlüyünün təmin olunması məsələsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prinsipial siyasətinə qətiyyətli dəstək göstərmələri isə milli həmrəyliyin daha bir bariz nümunəsi idi. 44 günlük Zəfər yürüşünün nəticəsi olan möhtəşəm Qələbə Azərbaycan dövlətinin gücünü, xalqımızın isə mübarizə əzmini, sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz ölkə daxilində uğurlu siyasət apararaq hesab edirəm ki, ölkəmizdə dünya üçün çox nadir inkişaf modelini yaratdıq. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki belə planlar var idi, belə cəhdlər var idi. Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışmasın və qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik”.

Əlbəttə, Vətən müharibəsində qazanılmış şanlı və möhtəşəm Qələbə təkcə hərbi-strateji xarakter daşımır və milli təqvimimizin sıradan bir tarixini əks etdirmir. 27 sentyabrdan 8 noyabra gedən yol – 30 illik işğala 44 gündə son qoyulması xüsusi siyasi və geostrateji məzmuna malikdir:

- Azərbaycan 30 ilə yaxın davam edən işğal faktına, separatizmə öz milli gücü ilə, hərbi-siyasi resursları ilə son qoydu, BMT-nin uzun müddət kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etdi. Beləliklə, bu qələbə ilə təzyiqlərə məruz qalmasına rəğmən, bir dövlətin öz gücü ilə beynəlxalq hüququ bərpa edə, dünyanın ən böyük təşkilatının kağız üzərində qalmış qətnamələrinin icrasına nail ola biləcəyi ilə bağlı yeni nümunə - siyasi presedent yaradıldı;

- İkincisi, bu tarixi Zəfər Azərbaycanın hərbi-siyasi gücünün ifadəsi olmaqla yanaşı, beynəlxalq siyasətdə bir sıra siyasi stereotiplərin dağıdılması, qərəzli dairələrin ikili standartlara və selektiv yanaşmaya əsaslanan siyasətinin iflasa uğradılması baxımından önəmlidir;

- Üçüncüsü, Azərbaycan regionda yeni geostrateji reallıqlar yaratdı. Bu, bölgədə yeni təhlükəsizlik mühitinin və əməkdaşlıq imkanlarının formalaşması, Cənubi Qafqazda yeni geostrateji konfiqurasiyanın yaranması, Avrasiyada çoxşaxəli münasibətlərin inkişafına güclü təkan deməkdir.

Beləliklə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, prinsipial və hədəfə yönəlik siyasətinin nəticəsi məlum, reallıqlar bəllidir – Qələbə və milli tərəqqinin yeni mərhələsi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim bütün dövrlərdəki siyasətimiz birmənalı olub. Demişik ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla məsələni həll edəcəyik. Mən bunu dəfələrlə demişəm. Buna görə də tənqid olunmuşam bəzi ölkələr tərəfindən. Mən demişəm ki, bəs bizim torpaqlarımız məgər hərbi yolla zəbt edilməyibmi? Ermənistan bizim torpaqlarımızı sülh yolu iləmi zəbt edib? Hər bir ölkənin özünümüdafiə hüququ var. Bu hüququ bizə BMT Nizamnaməsi verir. Mən demişdim, əgər görsəm ki, danışıqlar artıq tamamilə səmərəsizdir, bizim başqa yolumuz qalmayacaq. Bunu hamı bilsin - düşmən, onun havadarları və bu məsələ ilə məşğul olan vasitəçilər. Həmişə sözümün üstündə durmuşam. Azərbaycan xalqına nə demişəmsə, onu da etmişəm. Bu məsələdə də sözümün üstündə durdum və artıq biz Qələbəni qeyd edirik”.

Tarixi təcrübə göstərir ki, qalib xalq olaraq yaşamaq məğlub toplum kimi siyasi varlığı sürdürməkdən şərəfli olmaqla yanaşı, daha çətin və daha məsuliyyətlidir. O səbəbdən hərb meydanında qazanılmış Zəfəri regional və beynəlxalq siyasət arenasında davamlı prosesə çevirmək və Qələbəni diplomatiya meydanında, quruculuq müstəvisində möhkəmləndirmək vacibdir, hətta tarixi zərurətdir. Bu proses çərçivəsində mühüm addımlar atılır – sistemli, ardıcıl və məqsədyönlü işlər görülür, strateji əhəmiyyətli tədbirlər reallaşdırılır.

Azərbaycan postmüharibə dövründə yeni nailiyyətlərə imza atır - dünya daha güclü Azərbaycanın uğurlarına şahidlik edir. Bu gün işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işləri görülür, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmin torpaqlara hər bir səfəri fövqəladə məmnunluq, sonsuz qürur və iftixar, milli özünəinam hissi yaratmaqla yanaşı, Zəfər yürüşünün addım-addım və fasiləsiz davam etdiyini göstərir. Böyük Qayıdış 30 il ərzində torpaqları işğal altında olan dövlətin vətəndaşlarının, soydaşlarımızın, bütövlükdə, Azərbaycan xalqının ən böyük arzularından idi və bu gün biz buna nail oluruq. Prosesə start verilib, işğaldan azad olunmuş ərazilərdə sistemli quruculuq işlərinin aparılması xüsusi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə mühüm layihələr reallaşdırılır. Müasir şəhərsalma konsepsiyalarının gerçəkləşdirilməsi, beynəlxalq hava limanlarının inşası, səmərəli investisiya və inkişaf mühitinin yaradılması ilə bağlı addımlar və digər tədbirlər həm ölkəmizin sosial-iqtisadi yüksəlişinə, həm Azərbaycanın regionda strateji mövqelərinin möhkəmlənməsinə, həm də ikitərəfli və çoxtərəfli xarici əlaqələrin inkişafına mühüm töhfələr verir.

Azərbaycanın yaratdığı reallıqlar regionu ziddiyyət və konfrontasiya deyil, əməkdaşlıq və inteqrasiya məkanına çevirir. Ümumiyyətlə, postmüharibə dövrünün mühüm hədəflərindən biri Azərbaycanın yaratdığı reallıqlar əsasında Cənubi Qafqaz regionunda yeni işbirliyi platformasının qurulmasıdır. Bu, siyasi, hərbi-strateji cəhətdən mühüm əhəmiyyətə malik olmaqla yanaşı, iqtisadi baxımdan da faydalı və perspektivlidir. Yeni şəraitdə geosiyasi və geoiqtisadi imkanlar təkcə bölgə xalqları və dövlətləri üçün deyil, bir çox ölkələr, o cümlədən regional və beynəlxalq güc mərkəzləri üçün mühüm dividendlər vəd edir. Xüsusilə də, Zəngəzur dəhlizinin açılması, kommunikasiya xətlərinin bərpası geniş formatda əməkdaşlıq imkanlarının formalaşması, Azərbaycan başda olmaqla çoxşaxəli əməkdaşlıqda maraqlı olan dövlətlərin önəmli imkanlar əldə etməsi deməkdir.

Bu gün regionda sülh və etimad quruculuğu, postmüharibə dövrünün geostrateji arxitekturasının formalaşdırılması diqqət mərkəzindədir. Sülh gündəliyi artıq müəyyənləşib və müxtəlif səviyyələrdə aparılan danışıqların strateji gündəmi və məzmunu bəllidir. Yeni reallıqlar fonunda və mövcud şəraitdə sülh müqaviləsinin hazırlanması və imzalanması, kommunikasiyaların bərpası, sərhədlərin dəqiqləşdirilməsi sülh gündəliyinin mühüm tərkib hissəsidir. Sülh müqaviləsinin imzalanması üçün beş baza prinsipi əsasında müvafiq təkliflərini verən Azərbaycan regionda təhlükəsizlik mühitinin formalaşması üçün önəmli təşəbbüslər irəli sürür, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla öz üzərinə düşən öhdəlikləri tam və zamanında yerinə yetirir. Təəssüflər olsun ki, eyni fikri bu Bəyanatın digər tərəfi – Ermənistan haqqında söyləmək olmaz. Rəsmi İrəvan istər Rusiyada, istərsə də Avropanın siyasi paytaxtında – Brüsseldə keçirilmiş üçtərəfli görüşlərdən sonra mütəmadi olaraq hərbi təxribatlara yol verir, sülhyaratma prosesini pozmağa çalışır. Ermənistanın siyasi sabotajları və hərbi təxribatları, əslində, sülh gündəliyinə “atəş açmaq”, üçtərəfli Bəyanatı, beynəlxalq hüquq normalarını heçə saymaqdır. Prezident İlham Əliyev bu məqamlara toxunaraq Ermənistanın Azərbaycanın təklif etdiyi 5 prinsipi qəbul etməsinə rəğmən, əməldə heç bir iş görmədiyini, vaxt uzatma taktikasını seçdiyini bildirib. Heç şübhəsiz, vaxt qazanmağa çalışan Ermənistan hər gün itirir – iqtisadi tənəzzül sürətlənir, geoiqtisadi təcrid vəziyyəti və ölkədaxili siyasi xaos dərinləşir. Amma buna baxmayaraq, məğlub ölkə öz revanşist ideyalarından, təxribatçı mövqeyindən əl çəkmir. Sentyabrın 12-i gecə və sentyabrın 13-ü səhər saatlarında Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilanla sərhəddə Ermənistan ordusunun genişmiqyaslı təxribatlar törətməsi, daha sonra müxtəlif səviyyələrdə provokasiyaları davam etdirməsi hərbi avantüra və revanşist cəhd olmaqla rəsmi İrəvanın riyakar mövqeyini və ikiüzlü, dağıdıcı siyasətini bir daha sübut və ifşa edir. Məqsəd təkcə sülh sazişinin imzalanmasını gecikdirmək deyil, eyni zamanda, Azərbaycan xalqının Böyük Qayıdışını müəyyən qədər ləngitməkdir.

Təbii ki, qalib və qüdrətli Azərbaycanın gücü, mövqeyi və nüfuzu belə cəhdlərin iflasa məhkum olmasını şərtləndirir. Təsadüfi deyil ki, bəhs olunan genişmiqyaslı təxribatların fonunda Azərbaycan Ordusu sərhədlərin təhlükəsizliyini təmin etmək və təhdidlərin qarşısını almaq məqsədilə adekvat və uğurlu cavab tədbirləri gördü, işğalçı, təxribatçı və məğlub ölkənin silahlı birləşmələrinə daha bir ağır zərbə vurdu, layiqli dərs verdi. “Qisas” əməliyyatından sonra “Qətiyyətli cavab” tədbiri ilə Azərbaycan Ordusu Ermənistanın hərbi-siyasi təxribatlarının onlar üçün hansı nəticələrə gətirib çıxaracağını növbəti dəfə göstərdi, bu ölkənin sərhəd boyunca təhlükə yarada biləcək və təxribat aləti olan hərbi infrastrukturu - hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarıldı, strateji yüksəkliklər nəzarətə götürüldü və nəhayət, həm dünya ictimaiyyəti, həm Ermənistan, həm də ona havadarlıq edən bəzi qüvvələr gördülər ki, belə cəhdlərlə yeni reallıqları və siyasi gündəmi dəyişdirmək, sülhyaratma prosesindən qaçmaq mümkün deyil və olmayacaq. İkinci Qarabağ müharibəsinin dərslərini unudan rəsmi İrəvanın bir yolu – yeganə seçimi var - sonuncu hadisələrdən nəticə çıxarmaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi: “Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq”.

Nəhayət, təcavüzkar siyasətin, hərbi cinayətlərin və genişmiqyaslı təxribatların fonunda Azərbaycan Ordusunun sərt və layiqli cavabı ilə qisas qiyamətə, şəhidlərimizin qanı isə yerdə qalmadı. Azərbaycan dövləti və cəmiyyəti hər zaman mübariz Vətən övladlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi bunun bariz nümunəsi – real təsdiqidir. Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə çıxışı zamanı demişdir ki, qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq: “Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Allah sizə səbir versin. Siz analar, atalar xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı”.

Şübhə yoxdur ki, şəhidlərimizin ruhunun şad olduğu indiki məqamda dövlətimizin qüdrəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, xalqımızın sarsılmaz birliyi Azərbaycanı yeni möhtəşəm nailiyyətlərə aparacaq, tarix güclü Azərbaycanın yeni şanlı qələbələrinə şahidlik edəcək, həm müstəqilliymizin, həm də tarixi Zəfərimizin siyasi rəmzi olan, şəhidlərin ölməzliyini, Vətənin bölünməzliyini əks etdirən, işğaldan azad edilmiş ərazilərimizdə qürurla ucaldılan üçrəngli bayrağımız daim zirvələrdə dalğalanacaq!

Tahir Budaqov

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri
Xəbəri paylaş