30 il ərzində Azərbaycanımızın ərazisi ilə bərabər hər bir azərbaycanlının da 20 faiz qəlbi, ruhu işğal altında idi. Hər birimiz natamam həyat sürürdük. 44 gün xalqımızın birliyini nümayiş etdirdi və yekunda hər birimizi bütövləşdirdi. Doğma Qarabağ və hər bir soydaşımın bir parçası düşmənin tapdağından azad edildi. Bu, tək səbəbdir ki, yaşadığımız hər günə, hər ana görə ŞƏHİDLƏRİMİZƏ əbədi olaraq borcluyuq. Allah hər birinizə rəhmət eləsin. Borcunuzdan heç zaman çıxa bilməyəcəyik, çünki bir xalqın, hər birimizin xoşbəxt yaşaması üçün SİZ ən əziz olan canınızdan keçdiniz. Bunun əvəzi yoxdur və ola da bilməz. Bacardığımız yeganə iş odur ki, SİZİN müqəddəs adlarınızı və əməllərinizi yaşatmaq, nəsillərdən nəsillərə ötürməkdir.
Belə müqəddəs adlardan biri Mətin Hüseynovdur. Mətin 9 noyabr 2020-ci ildə Qırmızı Bazar qəsəbəsi ətrafında gedən döyüşlərdə yaralı yoldaşını savaş meydanından çıxararkən ağır yaralanıb və nəticədə şəhidlik zirvəsinə ucalıb. Fizuli, Xocavənd, Cəbrayıl istiqamətində gedən döyüşlərdə və Şuşa ətrafındakı bütün döyüşlərdə fəal iştirak edib. Sentyabrın 30-da bu şəhidimizin adını daşıyan tankerimiz dünya sularına yola salınacaq və bundan sonra “MƏTİN HÜSEYNOV” gəmisini dünya limanları qarşılayacaq. Şəhidlər, unudularkən ölür. Mətin də daxil olmaqla, biz Şəhidlərimizi heç vaxt unutmatacayıq və heç vaxt unutdurmayacayıq.
Ruhlarınız şad olsun, Qardaşlarım!
Mübariz Mənsimov-"Palmali" Şirkətlər Qrupunun prezidenti