Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsi toplantı keçirərək, məhbusların ağır vəziyyəti ilə bağlı müzakirələr keçirib.
Komitənin mətbuat xidmətindən Newscenter.az-a bildirilib ki, müzakirələrdə Komitənin sədri Akif Nağı, məhbus valideynlərindən Müslümat Rzaxanova, Nailə Vəliyeva, Fuad Soltanov, Rəna Həsənova, Tükəzban Kazımova, Təranə Məmmədova, Tahir Bayramov, Rafiq Quliyev və digərləri çıxış edib, konkret faktları göstərib, təkliflərini veriblər. Sonda toplantı iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə göstərilir: Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsi, illərdir həbsxanaların qarşısında əziyyət çəkən, zülm görən, ümidini hər yerdən üzən, hətta yaşamaq belə istəməyən ömürlük məhbusların anaları, yaxınları olaraq Sizə müraciət edirik. Bu məhbusların içərisində Qarabağ müharibəsində fəal iştirak edən, dövlət təltifləri olan Elçin Əmiraslanov, Səfa Poladov, Arif Kazımov da var. Onlar artıq 26 ildir ki, həbsdədirlər. Sizin rəhbərliyinizlə düşmən üzərində parlaq qələbə qazanılıb, torpaqlarımız işğaldan azad olunub. Belə bir qürurverici dövrdə Qarabağ müharibəsində fədakarlıq göstərmiş, əziyyət çəkmiş, lakin müəyyən səbəblərdən həbsə düşmüş Qarabağ döyüşçülərinin, onların ailə üzvlərinin Sizin mərhəmətinizə ehtiyacı var.
Cəmiyyətdə Qarabağ partizanları adı ilə tanınan dəstənin üzvlərindən Məmməd Məmmədov gənc olub, vətənpərvərlik hissi ilə düşmənə qarşı partizan müharibəsinə başlamaq arzusuna düşüb. Buna görə onun 20 ildir “ömürlük məhbus” həyatı yaşaması haqsızlıqdır. Ömürlük məhbuslardan Əli Quliyev və digərləri 31 ilə yaxındır ki, məhbus həyatı yaşayırlar. Məhbuslardan Şakir Rzaxanov, Hüseynağa Balayev, Səbuhi Məmmədəliyev, Yaşar Pənahpur, İntiqam Qayıbov, Əmir Muradov, Murov Şərifov, Namiq Vəliyev, Natiq Mirzəyev, Vüsal Qurbanov, Samir Saniyev, Elmir Mirəliyev, Azər Əsədov, Elnur Qəhrəmanov, Nizami Ələsgərov, Fuad Orucov, Zaur Həziyev, Arif Quliyev, Elçin Ağayev, Anar Həsənov Sahib oğlu, Anar İsmayılov və digərləri törətdikləri hərəkətlərin xarakterinə uyğun olmayan ağır cəza alıblar.
Bu məhbusların xeyli hissəsi 1998-ci ildə güllələnmə cəzasından azad olunaraq məhbəs həyatına keçiriləndə qanunsuz olaraq ömürlük cəzaya keçiriliblər. Halbuki, həmin vaxt mərhum Prezident Heydər Əliyev bildirmişdi ki, mövcud qanunvericiliyə uyğun olaraq onların cəzasını 15 illik həbs cəzası ilə əvəzləmək lazımdır.
Ermənistanın vaxtaşırı törətdiyi təxribatlara görə hələ də ölkəmizin müharibə vəziyyətində olduğu bir vaxtda cəmiyyətdə vətəndaş sülhünün, xoş münasibətlərin bərqərar olmasına ciddi ehtiyac vardır. Sizin ömürlük məhbuslarla bağlı humanist addım atmağınız, onları əfv etməyiniz dövlətimizin humanist mahiyyətini bir daha nümayiş etdirər, ümumi işimizə xeyir gətirər. Ona görə də humanistlik göstərib bu istiqamətdə addımlar atmağınızı xahiş edirik.
Siz dövlətimizin başçısı, Ali Baş Komandan kimi cəbhədə əldə etdiyiniz böyük qələbə ilə Azərbaycan xalqına böyük sevinc, xoşbəxtlik bəxş etmisiniz, milli qürurumuzun bərpa olunması üçün əvəzsiz xidmət göstərmisiniz. Bu sevinc, xoşbəxtlik hisslərini ömürlük məhbuslarımıza, onların yaxınlarına da yaşatmağınızı Sizdən xahiş edirik. Sizin humanistliyinizi ən yüksək səviyyədə dəyərləndirir və ömürlük məhbusları, onların yaxınlarını tezliklə sevindirəcəyinizə inanırıq.