Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəhidlər ANIMız, Andımızdır!

Şəhidlər ANIMız, Andımızdır!


Sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilməkdədir. 2 il əvvəlki bu gün 44 günlük Vətən müharibəsində Ermənistanın 30 illik işğalına son qoyulması və ərazi bütövlüyümüzün təmin edilməsi
tariximizə Milli Şərəf günü kimi həkk olunub. Bu Anım Günündə
şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa
diləyirəm.

Biz Vətən müharibəsindən sonra nə qazandıq?

Sözsüz ki, Yenilməz Ali Baş Komandan İlham Əliyevin və Müzəffər Ordumuzun sayəsində Azərbaycan dünyaya öz Gücünü göstərdi.

Azərbaycan Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə ilə ermənilərin ötən 200 ildə xalqımıza qarşı mütəmadi olaraq həyata keçirdiyi soyqırım siyasətinə son qoydu.

Şanlı Zəfərlə Milli Qürurumuzu bərpa etdik, 30 illik kədər və utanc hisslərini, işğal tarixlərini birdəfəlik tarixdən sildik.

Azərbaycan bu Zəfəri ilə beynəlxalq birliyin Qarabağla bağlı ikili standartlarını, məkrli planlarını da pozdu.

Fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına, bununla da yeni ərazilər işğal etmək iddiasına düşən Ermənistanın təcavüzkarlığına rəvac verən ATƏT-in Minsk qrupunun yarıtmaz siyasətini ifşa etdi, təqvimdən sildi.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini özü icra etməklə nəticəsiz qalan beynəlxalq sənədlərin icrasının mümkünlüyünü, haqq-ədalətin bərpasını başa saldı.

Ölkəmiz Zəfərdən sonra dostu, düşməni də daha yaxından tanıdı.

Öz ərazi bütövlüyünü, dövlət sərhədlərinin toxunulmazlığını təmin etmiş Azərbaycanın yeni geosiyasi mövqeyi, xəritədəki yeni coğrafi relyefi bəzi ölkələri narahat etdi.

İran 200 illik tarixdən sonra torpaq bütövlüyünü təmin etmiş müstəqil Azərbaycan Respublikasının mövcud ərazi coğrafiyasını sanki qəbul etmək istəmədi.

Tehran rejimi öz dövlət sərhəddinin hüdudlarını quraraq Ermənistanla sülh sazişi imzalamağa çalışan Azərbaycanın bölgədəki son addımlarından narahat oldu və ölkəmizə qarşı əsil sifətini göstərdi.

30 il Ermənistana havadarlıq edən Fransa 44 günlük müharibədə ermənpərəst mövqeyinin ardından son 2 il ərzində bir daha erməni lobbisinin təsiri altında Azərbaycana qarşı qeyri-səmimi və qeyri-dost
simasını nümayiş etdirdi.

Minsk qrupunda həmsədr ölkə kimi aparıcı mövqeyə malik olan ABŞ münaqişənin həllinə nail olmaq əvəzinə süni şəkildə uzadılmasına, Qarabağın əbədi Ermənistanın işğalda qalmasına şərait yaratmaqla və son davranışları ilə erməni lobbisinə xidmət etdiyini sərgilədi.

Biz digər ölkələrin, beynəlxalq təşkilatların da siyasi nankorluğunun şahidi olduq və olmaqdayıq.

44 günlük Zəfərdən sonra Azərbaycan əsil qardaşını, həqiqi dostlarını qətiləşdirdi. “CanAzərbaycan tək deyil” iltimatumu ilə üstümüzə yürüyən xarici nakorları yerində oturdan qardaş Türkiyə “Şuşa Bəyannaməsi”ni imzaladıqdan sonra regionda Türk Birliyinin möhtəşəm gücü dünyada bir nümunəyə çevrildi.

Qardaş Pakistanın, İsrailin, digər yaxın dövlətlərin, Qoşulamama Hərəkatına üzv ölkələrin timsalında əsil müttəfiqlərimizi tapdıq.

Artıq Qarabağda, Zəngəzurda yaşayış başlayıb, “Ağıllı kənd”də, Şuşada, Kəlbəcərdə, Laçında həyat qaynayır, ocaqlardan tüstü çıxır, doğma yurdumuzun sakinləri əkib-becərir, qurub-yaradır.

Eşq olsun bu Zəfəri bizə yaşadan Ordumuza və Ali Baş Komandan İlham Əliyevə!

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki

Xəbəri paylaş