Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev cari ilin sentyabr ayının 27-də Gürcüstan Parlamentinin Mədəniyyət Komitəsinin sədri xanım Eliso Bolkvadze ilə görüş keçirmişdir.
Newscenter.az səfirliyə istinadən xəbər verir ki, görüşün əvvəlində səfiri salamlayan xanım deputat, Azərbaycan Respublikası ilə Gürcüstan arasında əməkdaşlıq əlaqələrinin inkişaf tempindən məmnunluğunu ifadə etmişdir.
Səfir Faiq Quliyev isti qarşılanmaya görə Eliso Bolkvadzeyə təşəkkürünü bildirmiş, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabr tarixinin ölkəmizdə Anım Günü kimi qeyd edildiyini xatırlatmışdır. Səfir, eyni zamanda bu tarixin Gürcüstanda da Suxuminin süqutunun 29-cu ildönümü ilə bağlı Anım Günü kimi qeyd olduğunu, Azərbaycan Respublikasının və Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımıza rəhmət, qazilərimizə şəfa diləmişdir.
E.Bolkvadze də Azərbaycanın və Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsini ehtiramla anmışdır.
Səfir Vətən Müharibəsi günlərində Türkiyə və Gürcüstanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi də xüsusilə vurğulamış, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanlar arasında Gürcüstan əsilli vətəndaşlarımızın da olduğunu qeyd etmiş, bütün şəhidlərimizin xatirəsinin uca tutulduğunu bildirmişdir.
Eliso Bolkvadze Azərbaycan Respublikası ilə Gürcüstan arasında qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin nümunəvi olduğunu, Azərbaycan xalqına, onun qədim mədəniyyət tarixinə hər zaman böyük məhəbbətlə yanaşdığını qeyd etmişdir.
Səfir Faiq Quliyev ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə olduğu kimi, Parlamentlər arasında da inkişaf etdiyini bildirmişdir. O, Azərbaycan Respublikası Milli Məclisinin Sədri xanım Sahibə Qafarovanın Gürcüstana rəsmi səfərinin, həmçinin Gürcüstan Parlamentinin deputatlarının Azərbaycan Respublikasının işğaldan azad olunan Şuşa şəhərinə baş tutan səfərinin bu sahədə əlaqələrin ən yüksək səviyyədə olmasının bariz nümunəsi olduğunu vurğulamışdır.
Deputat cari ilin oktyabr ayında Azərbaycan Respublikasına səfərə gedəcəyini bildirərək, səfər çərçivəsində parlamentlərarası və mədəni sahədə əlaqələrin inkişafı istiqamətində vacib görüşlərin keçiriləcəyinə ümidvar olduğunu qeyd etmişdir.
Səfir E.Bolkvadzenin ölkəmizə planlaşdırılan səfərinin həyata keçirilməsi istiqamətində Səfirlik tərəfindən lazımi dəstəyin göstəriləcəyini qeyd etmişdir.
Görüşdə, həmçinin 2023-cü ildə baş tutacaq onuncu Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalı çərçivəsində Azərbaycan Gününün keçirilməsi barədə razılığa gəlinmişdir.
Görüşdə qarşılıqlı olaraq maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.
Mehman