27 sentyabr Vətən Müharibəsinin Anım Günündə ölkə başçısı, cənab Prezidentimiz İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfər etməsi hər bir Azərbaycan vətəndaşına qürurlu anlar yaşatmaqla yanaşı şəhidlərimizə olan yüksək ehtiram və hörmət nümunəsdir. Səfər zamanı Ali Baş Komandanımız cənab İlham Əliyevin Vətən Müharibəsinin ilk günündə azad edilmiş kəndlərimizdən biri olan Qaraxanbəyli kəndinə getməsi xüsusi əhəmiyyətə malik böyük rəmzi məna kəsb edir. Dövlətimizin başçısı Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyaraq şəhidlərimizin əziz xatirəsini yad etdi. Daha sonra Ali Baş Komandanımız cənab İlham Əliyev çıxış etdi. Dövlətimizin başçısı: “Bu gün Azərbaycanda Anım Günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.” Eyni zamanda möhtərəm Prezidentimiz İkinci Qarabağ Müharibəsində əsgər və zabitlərimizin fədakarlığından, qəhrəmanlığından bəhs edərək, bu qəhrəmanlıq sayəsində bu gün işğaldan azad edilmiş ərazilərimizdə sürətli bərpa quruculuq işlərinin getdiyini və xalqımızın şanlı Zəfərimizlə fəxr etdiyini vurğuladı. Sonra cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Bütün bunlar bir daha ölkə başçısı cənab prezidentimiz İlham Əliyevin və Azərbaycan dövlətinin şəhidlərimizə olan yüksək ehtiramının ifadəsidir.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki,bu gün hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, o, hər bir sahədə inkşaf edən, dünyada öz gücü, mövqeyi ilə seçilən və cənab İlham Əliyev kimi prezidenti olan qalib bir ölkənin vətəndaşıdır:
“Kökündə xalq-iqtidar birliyi dayanan bu Zəfər bizlərə şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı hesabına başa gəlib. Bu səbəbdəndə xalq-iqtidar birliyimizi qorumalı, müstəqilliyimizin keşiyində əbədi durmalı və ölkəmizin inkşafı naminə gecə-gündüz yorulmadan çalışan cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməliyik. Uca Tanrıdan şəhidlərimizə rəhmət və qazilərimizə can sağlığı diləyirik. Allah Azərbaycan xalqını, ölkə başçımız cənab İlham Əliyevi və xalq-iqtidar birliyimizi qorusun!”
Ruhiyyə