2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi önəmli hadisədir. Biz Milli Həmrəylik Partiyası olaraq Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə bağlı imzaladığı sərəncamı müsbət qarşıladıq. 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması Ulu Öndərin halal haqqıdır. Məsələ sadəcə gələn il Ulu Öndərin anadan olmasının 100 illiyinin tamam olmasında deyil. “Heydər Əliyev ili”nin keçirilməsi təqvimlərə sığışan tarixçələrdən, özkeçmişlərdən, bioqrafiyalardan qat-qat üstün bir tarixi hadisədir. Biz buna ilk növbədə nəhəng bir tarixi prosesin, tarixi dönəmin tamamlanması hadisəsi kimi yanaşmalıyıq.
Bəli, Heydər Əliyevin 100 illik həyat yolu özü ayrıca bir tarixi epoxadır. Və bu epoxa müasir Azərbaycanımızın tarixindən qırmızı xətt kimi gəlib keçir. Çünki Heydər Əliyev ən təlatümlü dönəmlərdə Azərbaycan xalqının taleyində xilaskar rolunu oynamış, dövlətçiliyimizin qorunub saxlanılmasında xüsusi əməyi olmuş böyük tarixi şəxsiyyətdir. Biz onun dövlətçiliyimiz qarşısında xidmətlərini unuda bilmərik. Əlbəttə, tarixi şəxsiyyətlərimizin hər birinin xidmətləri qeyd edilməli, onların gördüyü işlər və tarixdə oynadıqları rol haqqında gənc nəsillərimizə müfəssəl bilgilər verilməlidir. Bu bizim mənəvi borcumuzdur. Heydər Əliyevin xidmətləri də tariximizin böyük bir mərhələsini təşkil edir.
Gənc nəsillər Heydər Əliyevi rəssamların portret əsərlərində olduğu kimi iri və yaxın planda tanımalıdırlar. Heydər Əliyev tarixi şəxsiyyətlərimiz arasında xüsusi yeri, xüsusi missiyası ilə fərqlənir. O, 90-cı illərin əvvəllərində Azərbaycan xalqını özı dövlətçiliyini itirmək təhlükəsindən xilas etdisə, onun yetirməsi və siyasi varisi olan İlham Əliyev isə torpaqlarımızı işğaldan azad edən Ali Baş Komandan kimi tarixə düşdü. Baxın, Heydər Əliyev gəlmiş-keçmiş bütün digər liderlərimizdən məhz bu iki missiyası ilə fərqlənir.
Ulu Öndər həm də rəmzləşmiş, milli rəmzlərimizdən birinə çevrilmiş bir şəxsiyyətdir. Ötən əsrin 90-cı illərində Azərbaycanı dünyada daha çox neftimizə görə və bir də Heydər Əliyevə görə tanıyırdılar. O, bizim ölkəmizin milli brendinə, xalqımızın təqdimat nümunəsinə çevrilmişdi. Ulu öndərin dediyi “Azərbaycan durduqca mən var olacam” sözü də məhz bu mənada tam da yerinə düşür. Çünki onun varlığı Azərbaycanın varlığı ilə çulğalaşıb.
Qarşıdan gələn ilin “Heydər Əliyev ili” elan edilməsi Ulu Öndərin xidmətlərinə verdiyimiz qiymət kimi də dəyərləndirilə bilər. Azərbaycan xalqı qədirbilən xalqdır. O, öz xeyirxahlarını, xilaskarlarını heç vaxt unutmur. Azərbaycan xalqı Heydər Əliyevi həmişə şükranlıq hissilə xatırlayacaq, onun xidmətlərini öz yaddaşında daim yaşadacaq. “Heydər Əliyev ili” isə bir növ yaddaşımızı təzələməyə, Ulu Öndərin keçdiyi şərəfli ömür yolunu daha yaxından öyrənməyimizə imkan verəcək. Milli Həmrəylik Partiyası olaraq biz də Heydər Əliyevin siyasi irsi ilə bağlı “Heydər Əliyev ili” çərçivəsində tədbirlər keçirəcəyik. Əsas məqsədimiz də Heydər Əliyevin milli birlik, milli həmrəylik naminə gördüyü işləri gənclərimizin diqqətinə çatdırmaq olacaq.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri