Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət təhlükəsizliyimizin təmin olunmasına istiqamətləndirilib

Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət təhlükəsizliyimizin təmin olunmasına istiqamətləndirilib


Milli Məclisin deputatı Nəsib Məhəməliyev Rusiyada səfərbərlik səbəbindən Azərbaycanda quru sərhədlərin açılması və Rusiyada yaşayan vətəndaşlarımızın ölkəmizə gəlişinin təmin edilməsi barədə səslənən fikirlərə münasibət bildirib.

Newscenter.az-ın
xəbərinə görə, N.Məhəməliyev Pravda.az-a açıqlamasında deyib ki, hazırda beynəlxalq münasibətlər sistemində kifayət qədər ziddiyyətli proseslər gedir.

Deputat vurğulayıb ki, hər şeydən əvvəl dövlət maraqlarımızdan çıxış etməliyik: “Müasir dünyada yeni təhlükəsizlik nizamı qurulur. Terrorizm, o cümlədən beynəlxalq terrorizm gündən-günə daha da intensiv xarakter alır. Qaçqın-köçkün məsələləri getdikcə daha da artır. Dünyada baş verən ədalətsizliklər fonunda bir çox hallarda sivilizasiyalararası mübarizə kəskinləşdiyi bir zamanda dövlət olaraq təhlükəsizliyimizi fikirləşməliyik, bu barədə düşünməliyik. Çünki son illərin praktikası göstərir ki, hadisələr balansdan, nəzarətdən çıxdıqda onların bərpası, ictimai-siyasi sabitliyin təmini qeyri-mümkün olur. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət dövlət maraqlarına tam uyğundur və hər şeydən əvvəl bizim təhlükəsizliyimizin təmin olunmasına istiqamətləndirilib”.

N.Məhəməliyev hesab edir ki, sərhədlərin bağlı qalması təkcə pandemiya ilə bağlı deyil: “Bu, son illərdə baş verən proseslərlə də bilavasitə əlaqəlidir. Heç kim təminat verə bilməz ki, kütləvi insan axını arasında çoxsaylı terror təşkilatları ölkə ərazisinə sızmayacaq. Ayrı-seçkilik edə bilmərik. Bizim vətəndaşlarımızla yanaşı kifayət qədər bizə düşmən münasibət bəsələyən ölkələrin vətəndaşları, ayrı- ayrı beynəlxalq terror təşkilatlarının üzvləri də ölkəmizə sıza bilər. Biz bu hadisələri 1990-cı illərdə çox ağrılı şəkildə yaşadıq. Qatarlarımız, metrostansiyalarımız, sərnişin avtobuslarımız partladıldı. Bu baxımdan, indiki vəziyyətdə ayrı-ayrı fərdlərin maraqlarını deyil, dövlət maraqlarını, dövlətimizin təhlükəsizliyini fikirləşməliyik. Çünki bu, daha aktual, müasir dünyada daha vacib məsələdir. Qonşu ölkələrə baxırıq. Rusiyada, Ukraynada, İranda, Ermənistanda və bir çox ölkələrdə ciddi çaxnaşmalar gedir. Hadisələr nəzarətdən çıxıb. Ona görə də fərdlərin hesabına milyonları qurban verə bilmərik”.
Xəbəri paylaş