“Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsinin 44 günü də şanlı tarix idi. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini, Qələbə gününü gözləyirdi. Bu səbəbdən də Azərbaycan əsgəri və zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycanın əsgər və zabitləri öz canını fəda edirdi ki, xalq ləyaqətini, ədaləti bərpa etsin və öz torpaqlarına qayıtsın”.
Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu:
“Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etmədi, hətta, ermənilərin yenilməzlik mifini də darmadağın etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu darmadağın edildi, hərbi texnikası, canlı qüvvəsi məhv olundu və Azərbaycan öz gücünü, qüdrətini göstərdi. Nəticədə noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Ona görə də, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı tarixidir”.
“Bu gün qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində azad edilmiş torpaqlarda bərpa-quruculuq işləri həyata keçirilir, 30 il ərzində erməni vandalları tərəfindən dağıdılmış şəhərlərimiz, kəndlərimiz bərpa edilir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan xalqı və dövləti bundan sonra da müzəffər və qalib olaraq yaşayacaq:
“Azərbaycan hərbçiləri şəhidlərimizin qanını döyüş meydanında aldı və tarixi ədaləti bərpa etdi. 200 il sonra Azərbaycan dövlətinin tarixi torpaqlarına yenidən qayıtması bir şanlı zəfər idi və bugünkü nəsillər də bu tarixə şahidlik etdiyi üçün, iştirakçısı olduğuna görə haqlı olaraq fəxr edir. Bundan sonra da indiki və gələcək nəsillərin üzərinə düşən məsuliyyət ölkənin müstəqilliyini, ərazi bütövlüyünü, əldə etdiyi nailiyyətləri qorumaqdan ibarətdir”.
Ruhiyyə