Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncə şəhərinin içməli və tullantı su infrastrukturları yenidən qurulur

Gəncə şəhərinin içməli və tullantı su infrastrukturları yenidən qurulur


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Gəncə şəhərinin içməli və tullantı su infrastrukturlarının yenidən qurulması layihəsinin icrası davam etdirilir. Hazırda şəhərdə paylayıcı şəbəkələrin tikintisi və sayğaclaşma işləri həyata keçirilir.

Newscenter.az "Azərsu"ya istinadən xəbər verir ki, respublikamızın ikinci böyük şəhəri, qədim tarixə və böyük sənaye potensialına malik Gəncə şəhərində yeni su təchizatı infrastrukturlarının yaradılmasına Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən layihə çərçivəsində başlanıb. Gəncə şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya və Şəmkirçay su anbarının ehtiyatlarından istifadə olunması qərara alınıb. Ötən müddətdə Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb.

Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,3 km uzunluğunda magistral su kəməri çəkilib. Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, ümumi tutumu 12 min kubmetr olan 3 su anbarı, 11 km magistral su xətləri inşa edilib. Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarı hesabına təmin olunur. Su anbarının yaxınlığında məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğu və buradan Gəncə şəhərinə 27,5 km Şəmkirçay-Gəncə magistral su kəməri inşa edilib.

Layihəyə əsasən Gəncə şəhərində 855 km içməli, 813 km tullantı su şəbəkəsinin yaradılması nəzərdə tutulur. Gəncə şəhərinin böyüklüyü nəzərə alınaraq içməli və tullantı su şəbəkələrinin yenidən qurulması işləri mərhələli şəkildə həyata keçirilir. 2022-ci ilin dövlət proqramına uyğun olaraq hazırda Gəncə şəhərində müxtəlif diametrli borularla 8,3 km içməli və 8,4 km tullantı su xətlərinin inşası və 600-dən çox abonentin yeni yaradılan şəbəkələrə qoşulması işləri davam etdirilir. Bu mərhələ üzrə işlərin cari ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Şəbəkənin qalan hissəsinin tikintisi layihənin növbəti mərhələlərində həyata keçiriləcək.

Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 110 min kubmetr layihələndirilən təmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaq. Ümumilikdə Gəncə şəhərində icra olunan layihədən 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfər faydalanacaq.

Sevinc
Xəbəri paylaş