Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

XİN- dən Ermənistana "soyuq duş": İrəvan reallıqları düzgün qiymətləndirməlidir

XİN- dən Ermənistana "soyuq duş": İrəvan reallıqları düzgün qiymətləndirməlidir


Azərbaycan Ermənistana xəbərdarlıq edib. Bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb. Qeyd edilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən daha öncədən məlumat verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub və nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu ağır yaralanıb:
"Beləliklə də Ermənistan tərəfinin atəşkəsi pozaraq əl atdığı təxribata cavab olaraq Azərbaycan Ordusu adekvat tədbirlər görüb”.

Həmçinin bildirilib ki, yüksək səviyyəli danışıqlar ərəfəsində İrəvanın təxribatı artıq təəccüb doğurmur: “Aydındır ki, bu, Ermənistanın danışıqlar prosesini pozmaq üçün növbəti bəhanəsidir".

Ermənistan rəhbərliyi bölgədəki vəziyyəti gərginləşdirməməli, danışıqlar prosesinə qeyd-şərtlər irəli sürməməli, beynəlxalq ictimaiyyəti ittiham etmək təcrübəsini dayandırmalı və danışıqlar masasında əyləşməlidir.

Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan, işğaldan azad edilmiş ərazilərimizdə iri miqyaslı bərpa quruculuq və nəqliyyat kommunikasiyalarının açılması üçün sürətlə iş aparan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil. Lakin ölkəmizə qarşı olan hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq".

Rəsmi İrəvan adətən yüksək səviyyəli görüşlərdən əvvəl provokasiyalar törədir. Beləliklə, danışıqlar masasında "güclü mövqedən" çıxış edəcəyini düşünür. İkinci bir tərəfdən, Ermənistan hakimiyyətinin qərarlarına asanlıqla təsir etmək iqtidarında olan üçüncü tərəflər sülh prosesinə süni əngəl yaradırlar. Ermənistan iqtidarının təxribatlarının səbəbini də üçüncü qüvvələrdə axtarmaq olar.

Hər dəfə layiqli cavab almasına rəğmən, qarşı tərəf sabotaj cəhdlərini silsiləvi olaraq davam etdirir. Bu, üçüncü tərəflərin prosesdə "əli olduğu" ehtimalını artırır. Lakin nəticə dəyişməzdir: danışıqlar prosesinə xələl gətirilir. Əgər Ermənistan Baş naziri Nikol Paşinyan regional sabitlikdə, həqiqətən, maraqlıdırsa, əvvəllər də dediyimiz kimi, siyasi iradə göstərməlidir.

Cənubi Qafqazda sülh və sabitlik əslində indi hər kəsdən daha çox Ermənistana lazımdır. Çünki bölgədəki "ən zəif bənd" İrəvəndır. Ermənistan Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaqla öz təhlükəsizliyini təmin edə bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, Şərqi Avropada davam edən müharibə və Qərblə Rusiyanın mübarizəsi gələcəkdə Ermənistanın işini daha da çətinləşdirə bilər. Artıq bunun əlamətləri hiss olunur. Elə isə Paşinyan administrasiyası nəyə ümid edir? Çox güman, Ermənistan hökuməti vaxtı uzatmaqla gələcəkdə nəyəsə nail ola biləcəyini düşünür. Amma bu, mənasızdır. Əksinə, vaxtın uzanması, davam edən provokasiyalar Ermənistanın şanslarını daha da azaldır.
Bir sıra Qərb ölkələri Cənubi Qafqazdakı maraqlarının təmin olunması üçün buradakı "düyün"ün açılmasını istəmirlər. Ona görə bəzi hallarda İrəvanın rəsmi mövqeyini dəstəkləyir, provokasiyaları görməzdən gəlirlər. Ermənistan bundan "bayraq" kimi istifadə etməyə çalışır. Hərçənd beynəlxalq güclər Ermənistanı yox, öz maraqlarını düşünürlər. Bunu Paşinyan özü də bilir.

Beynəlxalq güclər, əlbəttə, Ermənistanın haqsız mövqeyini sonsuzadək dəstəkləyə bilməyəcək. Biz bunu bir dəfə- Fransa, Rusiya və ABŞ - ın həmsədr olduqları Minsk Qrupu formatında gördük. Otuz ildən sonra Azərbaycan həmin dövlətlərin işini yerinə yetirdi, ərazi bütövlüyünü təmin etdi. Bundan sonra dünya gücləri qalib tərəfin- rəsmi Bakının maraqları ilə hesablaşmağa başladılar. İrəvan mütləq bunu nəzərə almalıdır. Başa düşməlidir ki, süni yolla prosesləri uzatmaq sadəcə Ermənistanın özünə ziyandır.

Beləliklə, İrəvan reallıqları anlamalı, düzgün qiymətləndirməli və xəyallardan uzaqlaşmalıdır. Əks halda durumu dəfələrlə daha ağır olacaq.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş