ABŞ və Albaniya İranda baş verən etirazlarla əlaqədar noyabrın 2-də BMT Təhlükəsizlik Şurasının “Arria formulası” üzrə qeyri-rəsmi iclasını çağırıb.
Newscenter.az-ın məlumatına görə, "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin yaydığı məlumatda deyilir.
Görüşün məqsədi İranda insan hüquqlarının pozulması ilə bağlı müstəqil beynəlxalq və etibarlı təhqiqatın aparılmasını dəstəkləmək olacaq.
İclasda İran vətəndaş cəmiyyətinin nümayəndələri videobağlantı vasitəsilə iştirak edəcəklər.
Xatırladaq ki, İran əxlaq polisi sentyabr ayında 22 yaşlı Məhsa Əminiyə hicab qaydalarına riayət etmədiyinə görə təzyiqlər göstərib və onu qətlə yetirib. Bundan sonra ölkədə kütləvi etirazlar başlayıb. Rəsmi Tehran etirazları amansızlıqla yatırıb, eləcə də internetin bağlanması da daxil olmaqla digər məhdudlaşdırıcı tədbirlərə əl atıb. Yerli hüquq müdafiəçiləri ən azı 185 nəfərin öldürüldüyünü bildirirlər.