"Soçi görüşü başa çatdı. Görüşləri, danışıqları diqqətlə izlədik, açıqlamaları eyni diqqətlə dinlədik, oxuduq. Yekun bəyanatı da, demək olar ki lupadan keçirib oxuduq. Pis deyil, hər halda bizi narahat edən məqamlar olmadı.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə Azad Vətən Partiyasının sədri Akif Nağı çıxış edib. O bildirib ki, amma Soçi görüşündə irəliyə gediş də olmadı:
"Əvvəlki bəyanatlardan fərqli bir şey olmadı, 10 noyabrdan bu tərəfə ciddi nəticəmiz olmayıb, Soçi görüşündə də olmadı".
Akif Nağı qeyd edib ki, hədəfimiz Xankəndidir: "Bu iki il ərzində hədəfimizə doğru irəliləyə bilmişikmi? Bu görüş bizi Xankəndi, Xocalı, Əsgəran, Ağdərəyə azacıq da olsa yaxınlaşdırdımı? Təəssüf ki, müsbət cavab verə bilmirik. Xankəndi mitinqini də qulaq ardına vurmaq olmaz. Çox təhlükəli proseslər başlaya bilər, bəlkə də başlayıb. Şuşada " ulduzların şəkilçəkdirmə kampaniyası"nı dayandırıb, ciddi işlərlə məşğul olmaq lazımdı".