Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Soçi görüşü Azərbaycanın müstəqil iradə sahibi kimi son qərarı yalnız özünün verdiyini bütün dünyaya göstərdi

Soçi görüşü Azərbaycanın müstəqil iradə sahibi kimi son qərarı yalnız özünün verdiyini bütün dünyaya göstərdi


"Əlbəttə, sülh prosesini ehtiva edən və milli maraqlarımızı hədəfə almayan istənilən platforma Bakı tərəfindən dəstəklənir, bu mənada cənab İlham Əliyevin son dövrlər Paşinyanla artan təmasları da Azərbaycanın sülh niyyətində səmimiliyini göstərir. Amma sirr deyil ki, Soçi görüşündə də, daha öncə Praqa zirvəsində də Azərbaycan ciddi sınaq qarşısında idi. Praqa görüşündən öncə Makronun dizinin dibində, Soçidən öncə isə Putinin çətiri altında mediaya məmnun-məmnun poz verən Paşinyanın da əhvalı bunu deməyə əsas verirdi. Belə mürəkkəb situasiyada ölkənin mənafelərini yalnız güclü və müstəqil mövqe müdafiə edə bilərdi ki, hər iki müzakirələrdə cənab İlham Əliyev qətiyyət göstərərək vəziyyətli köklü dəyişdi. Nəticədə dünən, Soçidə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə Bəyanatı da məhz Bakının iradə ifadəsinə əsaslandı".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisind eputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili daha sonra bunları qeyd edib:

"İlk növbədə, hər hansı "status" məsələsindən söhbət belə getmədən, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduqlarını təsdiq etdilər. Aydındır ki, Azərbaycan Prezidenti dəfələrlə həm Rusiyanın, həm də Avropa İttifaqının moderatorluğu ilə reallaşan təmaslarda məhz bu məsələni önə çəkərək razılaşmalara əməl edilməsinin vacibliyinı əsas gətirib, İrəvandan öhdəliklərə əməl olunmasını tələb edirdi. Sirr deyil ki, 10 noyabr bəyanatında əks olunan öhdəliklərin bu günə qədər icra olunmamasına görə Ermənistan, İrəvanın davranışına hərəkətsizlik nümayiş etdirdiyinə görə isə Rusiya məsuliyyət daşıyır. Son Soçi bəyanatı ilə əslində Rusiya və Ermənistan cənab İlham Əliyevin tələblərində nə qədər haqlı olduğunu etiraf etmiş oldular".

Millət vəkilinin sözlərinə görə, bəyanatda ifadə edilən digər məsələ, "humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılıq" da prinsipcə Bakının iradəsi ilə tam üst-üstə düşür:

"Çünki Azərbaycan istər kommunikasiyaların açılması, istər Xankəndində yaşayan erməni vətəndaşlarımızın - onlar yolunu azsa da humanitar fəlakətlə üzləşməməsi üçün bütün addımları atıb. Eyni zamanda tərəfimizdən həm meyitlər, həm hərbi əsirlər, həm də müharibə sonrası ərazimizdə yaxalanan təxribatçıların bir qismi xoş niyyət ifadəsi kimi İravana verilib. Amma Ermənistan nə mina xəritəsi, nə itkinlər, nə də kütləvi məzarlıqlar barədə heç bir dəqiq məlumat təqdim etmir, əksinə minalanma prosesini davam edir. Bu mənada Soçi bəyanatı, bu sənədə İravanın sadiq qalıb-qalmayacağı sual doğursa belə, Ermənistan üzərinə ciddi öhdəlik qoydu".

Deputat onu da qeyd etdi ki, sənəddə toxunulan digər mühüm məqam, "Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə mühüm töhfəsini qeyd edərək onun regionda vəziyyətin sabitləşməsinə yönəlmiş səylərinə ehtiyac olduğunun" vurğulanmasıdır:

"Həqiqətən, etimad mühiti formalaşana qədər sülhməramlı kontingentin rolu danılmır, amma son proseslər, xüsusən separatçı silahılarının zərərsizləşdirilməməsi, Xankəndinə bəzi qanunsuz səfərlər, o cümlədən, antiazərbaycan mitinqləri göstərir ki, sülhməramlı kontingentinin regionda vəziyyətin sabitləşməsinə yönəlmiş səylərini kəskin artırmalıdır. Əks halda bu fəaliyyətin özü özlüyündə sual doğurmağa başlayacaq. Bəyanatda ifadə olunan digər məsələ, Beynəlxalq hüququn prinsiplərinə, BMT Nizamnaməsi və Alma-Ata Bəyannaməsinə istinad, habelə sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyi və Rusiya Federasiyasının buna hər vasitə ilə kömək niyyəti artıq bizim üçün yeni məsələ olmasa da bütövlükdə Azərbaycanın milli maraqlarına uyğundur.

Ən nəhayət, bəyanatda Azərbaycan və Ermənistan ictimaiyyətinin, ekspertlərin, dini liderlərin, parlamentlərin dialoqa cəlb etməklə xalqlar arasında etimadı möhkəmlətmək niyyəti alqışlanmalıdır. Eyni zamanda Moskvanın imza atdığı bu konseptual məqsədə nail olmaq üçün öncə Rusiyanın bəzi vətəndaş cəmiyyəti institutları və bir sıra media qurumlarının Cənubi Qafqazda qızışdırıcı təbliğat və təhrikçilik meyllərindən çəkinməsi vacibdir. Qeyd edilən dairələr artıq istənilən təxribatçı fəaliyyətlə məhz cənab Putinin Soçi bəyanatındakı iradə ifadəsi və imzasına hörmətsizlik edəcəklərini anlamalıdırlar".

Anar
Xəbəri paylaş