Soçi görüşündən sonra, noyabr ayının 1-də Prezident İlham Əliyev, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak etmək üçün Əlcəzair Xalq Demokratik Respublikasına səfərə getdi. Azərbaycan Prezidenti, Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə, tədbirin açılış mərasimində fəxri qonaq qismində iştirak etmişdir.
İlk növbədə qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin Ərəb Liqasının Zirvə toplantısına Fəxri qonaq statusunda dəvət olunması, onun şəxsiyyətinə, beynəlxalq müstəvidə nüfuzuna göstərilən diqqətin nümunəsidir. Eyni zamanda İslam dünyasında Azərbaycan dövlətinin gücünün etirafıdır. İlham Əliyev prezidentliyində İslam dünyasının inkişafı, bütövləşməsi, beynəlxalq münasibətlər sistemində vahid mövqedən çıxış etməsi, daha da güclənməsi istiqamətində var gücü ilə çalışmış, Bakı şəhərində çoxsaylı forumlar, sammitlər təşkil etmişdir. Ölkə daxilində müxtəlif təriqətlərə, məzhəbçiliyə, bölücülüyə qarşı təxirə salınmaz tədbirlər görür və İslam həmrəyliyini möhkəmləndirir.
Tədbirdə çıxış edən Prezident Əliyev bir çox vacib məqamlara toxunur. Mücahidlər muzeyini ziyarət etməsi, Fransanın yüz ildən bəri Əlcəzairdə müharibə aparması, 1,5 milyon insanı qətlə yetirməsi, ölkə ərazisində 5 milyondan artıq mina basdırmaları, islam dünyasına yanaşmalarda ikili standartların tətbiqi və s. məsələlərin Azərbaycan xalqına tanış olduğunu bildirir. Eyni taleyi də xalqımız erməni işğalı zamanı yaşamışdır.
Ərəb Liqası ilə Azərbaycan arasında, iqtisadi, siyasi əməkdaşlıq mövcuddur. Eyni zamanda üzv ölkələrlə ayrı-ayrılıqda əməkdaşlıq edilir və gələcəkdə daha da dərinləşdirilməsi nəzərdə tutulur.
Dövlət Başçımız 30 illik erməni işğalına son qoyulması, məscidlərin dağıdılması, tarixi abidələrin, binaların, infrastruktur layihələrinin darmadağın edilməsi, 1 milyondan artıq minaların basdırılması, müharibədən sonra 260-dan artıq nsanı ızın həlak olması barədə ətraflı məlumat verdi.
Prezident İlham Əliyevin çıxışı Zirvə toplantısında iştirak edən dövlət və hökumət başçıları tərəfindən maraqla qarşılandı.
Ərəb Liqası ölkələrinin bir çoxu zəngin təbii ehtiyatlara, maliyyə resurslarına malikdir və böyük bir coğrafiyanı əhatə edirlər. Bu baxımdan Azərbaycanın Ərəb Liqası ilə əməkdaşlığı həm iqtisadi, həm də siyasi cəhətdən olduqca əhəmiyyətlidir. İlk növbədə Körfəz ölkələri, Azərbaycanın kənd təsərrüfatı malları üçün ixrac bazarıdır. Beynəlxalq platformalarda mövqeyimizin daha da güclənməsi, dostlarımızın sayının artması deməkdir. Azərbaycan Prezidentinin Əlcəzairə səfərininin əhəmiyyəti, istər ikitərəfli, istərsə də Ərəb dünyası ilə münasibətlərin inkişafı baxımından olduqca böyük əhəmiyyət kəsb edir.
Yekunda bir qənaətimi də Sizlərlə bölüşmək istərdim. Mina basdırma və qətliam məsələlərində isə, hiss olunur ki, ermənilər və fransalılar bir-birilərinin təcrübələrindən yararlanır, eyni dəyərlərin daşıyıcılarıdır.
Nəsib Məhəməliyev-Milli Məclisin deputatı