Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Qafqazın təhlükə mənbələri regionun təhlükəsizliyindən danışır.

Cənubi Qafqazın təhlükə mənbələri regionun təhlükəsizliyindən danışır.


Son zamanlar Cənubi Qafqazla bağlı baş verənlər onsuz da həssas olan regionumuzda gərginliyin daha da artırılmasına xidmət edir. Azərbaycan qısa müddətli müharibə ilə regionda münaqişə mənbəyi olan Ermənistanı layiqli məğlubiyyətə uğradaraq 30 illik münaqişəyə son qoymaqla daimi sülhə nail olmaq üçün əlindən gələni edir. Bu addımlarının fonunda Cənubi Qafqazda sülhü istəyən tərəflər və xüsusilə də Türkiyə ilə 3+3 formatında əməkdaşlıq təklif etməyə də macal tapdıq. Ancaq çox təəssüflər olsun ki, qlobal səviyyədə olduğu kimi, regional miqyasda da qeyri-səmimiliyin və ikiüzlülüyün şahidi oluruq.

Bizimlə eyni coğrafiyanı, bir çox məqamlara dair eyni tarixi və ən əsası isə eyni dini daşıyan cənub qonşumuz İran bu illər ərzində mənəvi olaraq bir gün belə üzərinə düşəni etməyib. Əksinə indi tam və açıq bəlli olur ki, münaqişəyə dəstək və işğala yardım etməyi düşünüb. Bütün dünya ilə qarşı-qarşıya olmaqla özünü siyasi və iqtisadi sanksiyaların məngənəsinə salan İrana qarşı heç bir prosesə qoşulmayan Azərbaycanın güclənməsini heç cür həzm edə bilmir. Dövlət olaraq adının qarşısında olan “islam” sözünə xəyanət olaraq islamafobiyadan ən çox əziyyət çəkən Ermənistana dəstək göstərir. Dünyanın ayrı-ayrı nöqtələrində islami dəyərlərə qarşı simvolik addımlar atan dövlətlərə qarşı pafoslu çıxışlar edən İran özünün qapısının önündə bütün islami dəyərləri ən kobud şəkildə təhqir edən Ermənistanı özünün qırmızı xətti adlandırır.

Cənub qonşumuzun son zamanlar artıq açıq şəkil alan bu antiAzərbaycan xarakterli addımlarına cəmiyyət və dövlət olaraq layiqli şəkildə cavab verməkdəyik. Ancaq bu haqlı və ədalətli iradlarımızdan İran nəinki doğru nəticə çıxarır, əksinə daha da vəcdə gələrək özünü gülünc və acınacaqlı vəziyyətə salır. Minillik dövlətçilik tarixi ilə daim öyünən İran adlı qocaya 31 yaşlı gənc Azərbaycan dövlətçilik, ədəb, qonşuluq və islam dərsi keçir. Xristian Avropasının liderləri ilə görüşlər keçirən və onlar üçün öz dilləri ilə desək az qala əlçatmaz bir şəxsə çevrilən Prezident İlham Əliyev Avropadan sonra Asiyaya səfər edir. Türk əsilli dövlətlər də daxil olmaqla Asiyanın aparıcı dövlətləri tərəfindən də hazırda Avropa ilə Asiya arasında kilid nöqtə olan Cənubi Qafqazın qalib lideri kimi qarşılanan Azərbaycan Prezidenti daha sonra Afrikaya çox mötəbər bir tədbirə fəxri qonaq kimi dəvət olunur.

Sanki, dünya üzrə siyasi və diplomatik zəfər turnesinə çıxan Prezident ilk dəfə Əlcəzairə 22 ərəb müsəlman dövlətlərinin tədbirinə qatılır. Yalnız müsəlman dövlətlərinin üzv olduğu və müsəlman Türkiyəsinin də daimi müşahidəçi qismində iştirak etdiyi Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Azərbaycan Prezidenti də iştirak edir və çox ciddi çıxış edir. Türkiyədən də öncə həmin tədbirdə ən az daimi müşahidəçi qismində iştirak etməli olan İranın da yerinə 1,5 milyon əlcəzairli müsəlman qardaşlarımızın qətlinə səbəb olmuş antimüsəlman Fransanı haqlı olaraq konkret dəlil və arqumentlərlə ittiham edir. Azərbaycan Prezidenti bu addımı ilə bir daha isbat edir ki, əsl lider olmaq üçün böyük dövlətə və yüzmilyonluq xalqa rəhbərlik etməkdən daha vacib olan genetik liderlik, ədalətlilik və səmimilik kimi bir çox önəmli şəxsi keyfiyyətləri daşımaq lazımdır!

Azərbaycan rəhbəri iki milyarda yaxın müsəlman dünyasının marağına və mənafeyinə uyğun olan məntiqli çıxışını etməsi ilə paralel psevdo islam dövləti olan İran rəhbərliyi də fəaliyyətini davam etdirirdi. Həmin müsəlmanları ən amansız şəkildə qətlə yetirən Fransanın dəstəyi və himayəsi ilə təməli müsəlman azərbaycanlısının və türkünün faciəsi və qanı üzərində qoyulmuş Ermənistan dövlətinin rəhbəri ilə qucaqlaşıb öpüşürdü. Başından ayağına qədər hər yeri müsəlman qanına bulaşmış və otuz il bütün islami dəyərləri təhqir edərək tapdalamış bir dövlətin rəhbəri ilə öpüşmək İran rəhbərinin şəxsi işi ola bilər. Ancaq özünün məntiqsiz və düşmənçilik siyasəti ilə regionu müxtəlif güclərin hədəfinə çevirən İranın və regiona təhlükə olan həmin güclər üçün plasdarma çevrilən Ermənistanın rəhbərlərinin Cənubi Qafqazın təhlükəsizliyindən dəm vurmaları absurd və gülüş doğurur.

Ancaq bir təsəlliedici məqam var ki, biri psevdo dövlət, digəri də psevdo islam dövləti olan bu iki dövlət bu günə qədər atdıqları addımlarla ən böyük zərəri özlərinə vurublar. İranın yürütdüyü siyasətlə qlobal səviyyədə özünü saldığı siyasi və iqtisadi blokadaya, Ermənistan da regional səviyyədə nail olub. Dünya üzrə xəyanət və satqın obrazını yaradan Ermənistan ilə, bu gün yürütdüyü riyakar siyasəti və ya riyasəti ilə islama qarşı gedən İranın ən böyük zərbəni də bir-birilərinə və ya öz-özlərinə vurmaları da qaçılmazdır! Tam olaraq İranın son günlər keçirdiyi multfilm xarakterli hərbi təlimlərində hərbçilərin silahlarla özlərini partlatdıqları kimi.

Xəyal Bəşirov--Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri
Xəbəri paylaş