Cənab Prezident İlham Əliyevin 31 oktyabr tarixli Soçi səfəri bir sıra mühüm məqamlarla yadda qaldı.
Səfər çərçivəsində Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə keçirdiyi ikitərəfli görüşdə bildirdi ki, iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoyub. İndi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı çatıb. Ölkəmiz Ermənistanla münasibətlərin normallaşması üçün beynəlxalq hüququn 5 əsas fundamental prinsipini irəli sürüb və bu əsasda normallaşmaya nail olmaq istəyir.
Cənab Prezident diqqətə çatdırdı ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Münaqişə iki il bundan əvvəl həll edilib. Bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edir.
Səfər çərçivəsində imzalanmış Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci il tarixli Bəyanatı da mühüm əhəmiyyət kəsb edir.
Belə ki, bəyanatda Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu.
Humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşma əldə edildi. Vurğulandı ki, münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır.
Ən əsası isə, bu bəyanatda regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işlərinin fəal aparılmalı olduğu öz əksini tapdı və Rusiya Federasiyasının buna hər vasitə ilə kömək göstərəcəyi bildirildi.
Bütün bunlar onu göstərir ki, oktyabrın 31-də keçirilmiş Soçi görüşü və imzalanmış üçtərəfli bəyanat ölkəmizin növbəti uğuru olmaqla yanaşı, bizi sülh müqaviləsinə bir addım da yaxınlaşdırdı.
Jalə Əhmədova-Milli Məclisin deputatı