“Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda “Dəyirmi masa” keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, paytaxtın rayon icra hakimiyyətləri başçılarının müavinləri, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik idarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi polis polkovniki İbrahim İsmayılov və həmin bölmənin baş inspektoru polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev və həmin şöbənin məsləhətçisi Günay Muradova, Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdir müavini Məftunə İsmayılova, BŞTİ-nin struktur bölmə rəhbərləri iştirak ediblər.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda keçirilmiş konfransda qarşıya qoyulmuş məsələlərin icrasına həsr olunmuş “Dəyirmi masa”nın əhəmiyyətindən danışıb. İdarə müdiri qeyd edib ki, “Dəyirmi masa”nın əsas məqsədi uşaqların müdafiəsi istiqamətində əməkdaşlığı genişləndirmək, aidiyyəti qurumlarla mövcud vəziyyəti müzakirə etmək, qarşılıqlı əməkdaşlıq imkanlarına nəzər salmaq və daha səmərəli işçi platformasının yaradılmasına nail olmaqdan ibarətdir.
Digər çıxış edənlər uşaqlara qarşı cəmiyyətin bütün təbəqələrinin həssas münasibətinin zəruri olduğunu bildirib, bu baxımdan müvafiq qurumların praktik əməkdaşlığının vacibliyini nəzərə çatdırıblar. Uşaqlarla bağlı baş verən hadisələrə qanunvericiliyə uyğun, çevik və təsirli müdaxilənin gərəkli olduğunu vurğulayan tədbir iştirakçıları bu istiqamətdə vahid əlaqələnmə yaradan BŞTİ-yə təşəkkür edib, qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını söyləyiblər.
Tədbirdə uşaqların müdafiəsinin daha səmərəli təşkili istiqamətində əməkdaşlıqla bağlı müvafiq təkliflər irəli sürülüb, Koordinasiya Şurasının yaradılması qərara alınıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.