Hərbi Dəniz Qüvvələrində 8 noyabr - Zəfər Gününə həsr olunan təntənəli mərasim keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Prezidentinin Administrasiyası, Müdafiə Nazirliyi, Hərbi Dəniz Qüvvələri və Qaradağ Rayon İcra Hakimiyyəti rəsmilərinin, Milli Məclisin deputatlarının, şəhid ailələri üzvlərinin, müharibə veteranları iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini önünə gül dəstələri qoyublar və ruhuna dərin ehtiramlarını bildiriblər.
Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək dövlət himnimiz səsləndirilib.
Çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiralı Sübhan Bəkirov qarşıdan gələn 8 noyabr zəfər günü münasibətilə hər kəsi təbrik edib. Onun sözlərinə görə digər qoşun növləri ilə yanaşı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin də müharibənin ilk günündən bir nəfər kimi döyüşlərə hazır olduğunu bildirib:
“Hərbi Dəniz Qüvvələrinin sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) xüsusi təyinatlı dəstəsinin birinci xüsusi təyinatlı qrupu müharibənin ikinci günündə Goranboy rayonunda əfsanəvi qəhrəmanımız Mübariz İbrahimovun adını daşıyan “Mübariz postu” istiqamətində ilk döyüş tapşırığını itki vermədən uğurla yerinə yetirib. Sonra isə hərbi dənizçilər Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində Zəfər yürüşünü davam etdirərək bir çox yaşayış məntəqələrini, eləcə də düşmənin hərbi şəhərciyini və zastavasını azad edib, Xudafərinə bayraq sancaraq azad edilən əraziləri aidiyyətı üzrə digər qoşunların bölmələrinə təhvil veriblər".
Komandan xatırladıb ki, Hərbi Dəniz Qüvvələri – xüsusi təyinatlılarının fədakarlığı nəticəsində Qubadlı rayonunun neçə-neçə kəndi, eləcə də Qubadlı şəhəri işğaldan azad edilib:
"Hərbi dənizçilər Qubadlıdakı uğurlu əməliyyatlardan sonra Xocavənd rayonunun yaşayış məntəqələrinin, bir çox strateji yüksəkliklərinin azad edilməsində əsl qəhrəmanlıq, igidlik nümunələri göstəriblər. Düşmənin alınmaz qalaya çevirdiyi və neçə-neçə igidimizin şəhid olduğu Qızılqayanın alınması uğrunda döyüşlərdə də hərbi dənizçilərimiz xüsusilə fərqləniblər.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Vətən müharibəsinin iştirakçısı olan zabit Xaliq İbrahimov hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən ən yüksək mükafata– “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin digər sərəncamı ilə kiçik miçman Fəqan Amil oğlu Zalov da ölümündən sonra bu yüksək adla mükafatlandırılıb.
Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov qeyd edib ki, respublikanı əhatə edən Zəfər forumlarında iştirakçılar Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətini ürəkdən bəyəndiklərini bildirib, onun hər bir çağırışına hər an hazır olduqlarını bəyan ediblər.
Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova və başqaları 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi dənizçiləri rayonun ictimaiyyəti adından təbrik edərək bir daha vurğulayıblar ki, bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə xalq-dövlət-ordu birliyinin daha da möhkəmlənməsi üçün səylərini əsirgəməyəcək, Müzəffər Ali Baş Komandanın Azərbaycan uğrunda hər bir əmrinə hər an hazır olacaqlar.
“Qarabağ” ordenli hərbi dənizçi şəhid gizir Zaur Ələsgərlinin anası Vəfa xanım şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısına görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Müdafiə Nazirliyinin və Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, Hərbi Dəniz Qüvvələrinin komandanlığına minnətdarlığını bildirib.
Tədbir konsert proqramı ilə davam etdirilib.