“Azərbaycan dünyanın əksər ölkələri kimi müsəlman aləmi, İslam dünyası, bu coğrafiyaya daxil olan dövlətlərlə də yaxından əməkdaşlıq edir. Məhz bu əməkdaşlığın, həyata keçirilən uğurlu xarici siyasət kursunun nəticəsidir ki, İslam aləmində, müsəlman dünyasında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə çox böyük hörmət, ehtiram var”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov Azərbaycan Prezidentinin Əlcəzairə səfərini şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki, dövlət başçısının Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına dəvət edilməsi də məhz həmin diqqətin, ehtiramın nümunəsidir:
“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına fəxri qonaq kimi dəvət edilməsi bir tərəfdən İlham Əliyev şəxsiyyətinə olan hörmətin təsdiqidirsə, digər tərəfdən Azərbaycanın multikultiral, tolerant bir ölkə olması ilə əlaqəlidir. Dünyanın heç bir ölkəsində olmayan mili və dini tolerantlıq heç şübhəsiz ki, müsəlman ölkələri, o cümlədən Əlcəzair tərəfindən də yüksək qiymətləndirilir, təqdir olunur. Bu da öz növbəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, o cümlədən Azərbaycan dövlətinə olan münasibətdə özünü göstərir”.
Millət vəkili onu da qeyd edib ki, Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin də xüsusi xarakteri var. Azərbaycanın 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvü olduğunu deyən İqbal Məmmədov ölkəmizin bu əməkdaşlığı genişləndirmək niyyətində olduğunu deyib:
“Dövlət başçısının zirvə toplantısındakı çıxışında qeyd etdiyi kimi Azərbaycan bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib. Ölkəmiz İslam həmrəyliyinə kifayət qədər töhfə verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilib”.
İqbal Məmmədov onu da vurğulayıb ki, dövlət başçısının Əlcəzairə səfəri iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.
Anar