Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan dilemma qarşısında: Ya siyasi taleyi, ya da...

Paşinyan dilemma qarşısında: Ya siyasi taleyi, ya da...


Ermənistan baş naziri Nikol Paşinyan dünən hökumətin iclasıda Türkiyə ilə münasibətlər barədə danışıb. O, bildirib ki, Ermənistan Türkiyə ilə kommunikasiya məsələsindəki çətinliklərin öhdəsindən gələ bilib.

Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı danışıqları və iki ölkənin xüsusi nümayəndələrinin təmaslarını xatırladıb: “Baş verənlər mühüm dəyişiklikdir”.

Baş nazirin sözlərinə görə, artıq nəinki hakimiyyət, hətta cəmiyyət səviyyəsində də Türkiyə ilə əlaqələr barədə dilemma yoxdur.

Son vaxtlar Ankara ilə İrəvan arasında diplomatik münasibətlərin bərpası istiqamətində atılan addımlar aydın hiss olunur. Əlbəttə, bu məsələdə Bakının da rolu var. Ermənistan hakimiyyəti anlayır ki, Türkiyə ilə diplomatik münasibətlərin bərpasından sonra Azərbaycanla münasibətlərin normallaşması prosesi daha sürətli gedəcək.

Ümumiyyətlə, Ermənistan Türkiyə ilə diplomatik münasibətlərin bərpasında maraqlı görünür. Əslində başqa real alternativi də yoxdur. Son vaxtlar İrəvanla Moskva arasındakı münasibətlərdə ziddiyyətlər yaşanır. Üstəgəl, Şərqi Avropada davam edən savaş Ermənistan hakimiyyətini ciddi narahat edir. Müharibənin necə nəticələnməyindən asılı olmayaraq, İrəvanı ancaq təhlükə gözləyir. Çünki Rusiya qələbə qazansa, iştahı daha da artacaq və region ölkələrinə təzyiq göstərəcək. Əks halda isə Ermənistan regiondakı "çətirini" itirəcək. Hər iki ssenari Paşinyan üçün arzuolunmazdır. Ona görə də Ermənistan iqtidarı Türkiyənin "çətiri altına keçməyə" tələsir.

Əlbəttə, Paşinyan həm də daxili auditoriyanı bu prosesə hazırlayır. Onun dünənki açıqlaması həm də bu kontekstdən qiymətləndirilməlidir.

İndi Ermənistan baş naziri üçün ən çətin məsələlərdən biri daxildəki radikal kəsimi Türkiyə ilə diplomatik münasibətlərin bərpasına hazırlamaqdır. Paşinyan onları inandırmalıdır ki, başqa yol yoxdur.

Sözsüz ki, İrəvanla Ankara arasında münasibətlər normallaşdıqca Ermənistandakı etiraz dalğası güclənəcək. Bu, Rusiyanın əli ilə də ola bilər. Çünki Rusiya Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasını istəmir. Və Ermənistanda süni xaos yaratmaq şimal qonşumuz üçün elə də çətin deyil.

İndi Paşinyan üçün kifayət qədər çətin mərhələdir. Türkiyə ilə diplomatik münasibətlərin bərpası onun üçün ən prioritet istiqamətlərdən biri olsa da, risklər də böyükdür. Bu mənada Ermənistan iqtidarı dövlətinin gələcəyi ilə özünün siyasi taleyi arasında qalıb. İndi Paşinyandan ən çox tələb olunan məhz siyasi iradədir.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş