Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində səfərdə olub.
Newscenter.az xəbər verir ki, səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və agentliyin nümayəndələri 19-cu “MÜSİAD EXPO 2022” Sərgisində və 26-cı Beynəlxalaq Biznes Forumda (IBF) iştirak ediblər.
Qeyd edək ki, “TÜYAP” Sərgi və Konqres Mərkəzində keçirilən “MÜSİAD EXPO 2022” sərgisində KOBİA-nın dəstək proqramı çərçivəsində 13 sahibkarlıq subyekti məhsul və xidmətlərini təqdim edir. Agentliyin stendində qida məhsulları, təhsil, inşaat, təmir və dizayn, logistika və broker xidmətləri, sənaye məhsulları, kənd təsərrüfatı üçün müasir həllər, ipək üzərində xüsusi texnologiya əsasında hazırlanmış rəsm əsərləri nümayiş olunur. Həmçinin, stenddə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən Azərbaycanın investisiya və ixrac imkanlarına, bu sahədə dəstək və xidmətlərə dair məlumat verilir. KOBİA-nın stendində sahibkarlarla yanaşı, biznes assosiasiyalar da təmsil olunur.
Səfər zamanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin Tüm Kalkınma İş Adamları və Girişimçilər Təşkilatının (TÜMKİAD) sədri Nihat Tanrıkulu, Türkiyə Gənclik Vakfının rəhbəri İbrahim Beşinci və Malayziya Beynəlxalq İslam Ticarət və Sənaye Palatasının sədri Hacı Məhəmməd Amin Fəhmi Bin Solahuddin ilə görüşüb. Görüşlərdə müvafiq olaraq Azərbaycan və Türkiyənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi, gənclərin biznes fəaliyyətinə təşviq olunması istiqamətində birgə əməkdaşlıq imkanları, Azərbaycan və Malayziya biznesləri arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.
Sevinc