Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

44 günlük Vətən müharibəsində istifadə etdiyimiz döyüş taktikası bir çox ölkələr tərəfindən öyrənilir

44 günlük Vətən müharibəsində istifadə etdiyimiz döyüş taktikası bir çox ölkələr tərəfindən öyrənilir


"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu 8 noyabrı Azərbaycan tarixinə Şuşanın işğaldan azad olunduğu və düşmən üzərində möhtəşəm zəfərin əldə edildiyi gün kimi yazdı".

Newscenter.az xəbər verir ki, bunu Sonxeber.az-a açıqlamasında deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, 2020-ci ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi 90-cı illərin əvvəllərində öz doğma yurd-yuvalarından qovulan və vəhşicəsinə qətlə yetirilən soydaşlarımızın, şəhidlərimizin intiqamının alındığı tarixdir:

"İllər keçsə də, biz və gələcək nəsillər bu günləri qürurla qeyd edəcəyik. Çünki igid oğullarımız 44 gün ərzində nəinki torpaqlarımızı azad etdi, hətta ermənilərin "Dənizdən dənizə Böyük Ermənistan" xülyasını puç etdilər. 30 ilə yaxındır ki, biz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icra edilməsini, torpaqlarımızın sülh yolu ilə qaytarılmasını gözlədik. Amma ATƏT-in Minsk Qrupu və bu qrupa üzv olan ölkələr Ermənistana dəstək olaraq həmin dövrdə mövcud status-kvonu qoruyub saxlamağa çalışırdılar. Əlbəttə, bu da bizim səbrimizin tükənməsinə və torpaqlarımızı hərb yolu ilə qaytarmağımıza səbəb oldu. Biz bunu bacardıq. Ali Baş Komandan İlham Əliyevin dövlət başçısı seçildiyi gündən ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlar və atdığı addımların sayəsində biz torpaqlarımızı öz gücümüzə işğaldan azad edərək, 30 illik haqsızlığa son qoyaraq, ərazi bütövlüyümüzü bərpa etdik".

Deputat vurğulayıb ki, Vətən müharibəsinin hər günü bizə böyük qələbələr qazandırdı:

"Ali Baş Komandanın həmin dövrdə xalqa müraciətini və torpaqlarımızın işğaldan azad olunduğu barədə xəbəri hər birimiz böyük qürur və sevinc gözyaşları ilə izləyirdik. Cənab Prezident İlham Əliyevin 8 noyabrda hərbi formada Şəhidlər Xiyabanında xalqa müraciətinə baxanda hiss edirdim ki, Ali Baş Komandan Şuşa ilə bağlı gözlədiyimiz o şad xəbəri verəcək. Elə də oldu. Ali Baş Komandan gözlədiyimiz o şad xəbəri verərək, "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" söyləyəndə hər birimizin gözlərindən sevinc gözyaşları axırdı. Azərbaycan xalqı üçün bundan böyük xoşbəxtlik ola bilməzdi. 30 illik həsrətə son qoyuldu və biz Şuşamıza, Qarabağımıza qovuşduq.

Şuşa döyüşləri tarixə qəhrəmanlıq dastanı kimi həkk olundu. Bilirsiniz, ən ağır döyüşlər Şuşa uğrunda getdi. Çünki orada heç bir ağır hərbi texnikadan istifadə olunmadı. Qəhrəman oğullarımız yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi.

Şuşa döyüşlərində oğullarımızın igidliyi tək düşməni təəccübləndirmədi, bütün dünyanı heyran etdi. Məhz buna görə də Şuşa döyüşləri və 44 günlük Vətən müharibəsində istifadə etdiyimiz döyüş taktikası bir çox ölkələr tərəfindən öyrənilir.

Bu möhtəşəm Zəfəri bizə yaşadan Ali Baş Komandana, Azərbaycanım Müzəffər Ordusuna, canları hesabına torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə və qazilərimizə təşəkkür edirəm. Bu möhtəşəm zəfərə mən də şahidlik etdiyim üçün özümü xoşbəxt və şanslı hesab edirəm".
Xəbəri paylaş