‘’Hilal’’ rəhbəri Arzuman Abdulkərimovdan sensasion açıqlamalar, kritik dəyərləndirmələr
“Hilal”Sosial Araşdırmalar Mərkəzinin sədri Arzuman Abdulkərimov sədr müavini olduğu Ana Vətən Partiyasından istefa verməsi, Siyasi Partiyalar haqqında Qanun Layihəsinə gözlənilən dəyişikliklər və digər aktual siyasi məsələlərlə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.
-Arzuman bəy, ötən həftə istefa verdiyiniz barədə xəbər yayıldı. Partiyada tutduğunuz vəzifələrdən istefa vermisiniz, yoxsa partiya üzvlüyündən? İstefaya səbəb nə oldu?
-Ana Vətən Partiyasının üzvlüyündən istefa vermişəm. Bu da o deməkdir ki, avtomatik olaraq partiyadakı vəzifəmdən də istefa vermiş sayılıram. Partiyanın bir neçə seçkili orqanında təmsil olunurdum. Həm Ali Məclisin üzvü idim, həm Mərkəzi Şuranın üzvü idim. Eyni zamanda təyinatla sədr müavini vəzifəsindəydim. İstefamı açıqlamazdan bir neçə gün öncə partiyanın sədri Fəzail Ağamalı ilə məsləhətləşmişdim, ona məlumat vermişdim. Sədr də etiraz etmədi. Ərizəni yazıb Mərkəzi Aparata təqdim elədim. Ərizəmin qəbul olunub-olunmadığını hələ bilmirəm. Amma mən artıq özümü Ana Vətən Partiyasının üzvü hesab etmirəm. Bəyanatım KİV-lərdə də yayılıb. İstefa səbəbinə gəlincə, elə bir problemli səbəb yoxdur. Sadəcə olaraq qərara gəlmişəm ki,bir müddət müstəqil siyasətçi, müstəqil siyasi şərhçi kimi fəaliyyət göstərim. Bilirsiniz ki, mənim “Hilal” Sosial Araşdırmalar Mərkəzi adlı təşkilatım var. Onun fəaliyyətini daha da gücləndirəcəyik. Orada çox geniş fəaliyyət imkanları var.
-Azərbaycanda bir tanınmış partiyadan rəhbərlikdə təmsil olunan şəxs istefa verən zaman cəmiyyətdə belə fikir hakim olur ki, sədrlə münasibətlərdə problemlər istefaya səbəb olub. Sizin sədr Fəzail Ağamlı ilə şəxsi, siyasi müstəvidə problemləriniz, fikir ayrılıqlarınız var idi?
-Mən Ana Vətən Partiyasına 2019-cu ilin oktyabrında üzv oldum. Fəzail Ağamalının təkidli dəvəti ilə bu partiyaya gəldim. Həmin dövrdə növbədənkənar parlament seçkiləri təyin olundu. Biz də çox ciddi şəkildə seçkilərə hazırlıq işləri apardıq. Partiya seçkidə iştirak etdi. Bilirsiniz ki, Ana Vətən Partiyası mövcud iqtidarı və Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləməklə bağlı qərarı olan partiyadır. Bu məsələdə mənim partiya ilə fikirlərim tam üst-üstə düşür. Partiyada olduğum dövrdə də bu qərarlara hörmətlə yanaşmışam. Verilən qərarların icrası istiqamətində üzərimə düşən işləri həyata keçirmişəm. Onu da deyim ki, mən AVP-yə Yeni Azərbaycan Partiyasından getmişdim. YAP-la AVP rəhbərliyi arasında bu barədə bir centlemen razılaşması da olmuşdu. Yəni mənim hakim partiyadan AVP-yə keçməyim razılaşdırılmış məsələ idi, YAP-a arxa çevirməyim deyildi. AVP-də sədr müavini olduğum müddətdə təbii ki, bir sıra məsələlərlə bağlı təkliflərim olub. Onların elələri olub ki, qəbul edilib, elələri olub qəbul edilməyib. Eləcə də irəli sürülən bir sıra təkliflər və məsələlərə münasibətdə mənim razılaşdığım məqamlar da olub, razılaşmadığım məqamlar da olub. Bunlar da təbiidir. Cəmiyyət üçün isə həmişə ümumi razılaşdırılmış, konsensus əldə edilmiş məsələləri açıqlamışıq. Narazı olduğumuz məsələləri isə cəmiyyətə açıqlamağı məqsədə uyğun bilməmişik. Partiya elə bir sistemdir ki, belə hallar normaldır. Amma Fəzail Ağamalı ilə aramızda heç vaxt siyasi ciddi fikir ayrılıqları olmayıb. Partiyadan istefa verəndə də bəyan etdim ki, bundan sonra Prezident İlham Əliyevin siyasi kursunu dəstkləyəcəyəm. Bunun üçün də özümü həm siyasi, həm mənəvi, həm psixoloji, həm də də fiziki cəhətdən hazırlıqlı hesab edirəm. İlham Əliyevin bu dövlət, bu xalq qarşısında o qədər nəhəng xidmətləri var ki, onu müdafiə etməmək böyük ədalətsizlik olar.
-Ölkədə yeni siyasi konfiqurasiya elan edilib. Bunun nəticəsində son bir-iki ildə çoxlu sayda partiyalar dövlət qeydiyyatına alınıb. Yeni partiyalar təsis edilib. Sizin də düşüncənizdə “Hilal” Sosial Araşdırmalar Mərkəzini bir müddət sonra siyasi təşkilata və partiyaya çevirmək planları yer alır?
-Bizim gəncliyimiz elə bir dövrə düşdü ki, Azərbaycan öz müstəqilliyi uğrunda mübarizə aparırdı. Biz də şüurlu şəkildə bu mübarizəyə qoşulduq. Çox gəncdik və deyərdim ki, bu mübarizənin “Qavroşlar’’ı idik. Dediyim odur ki, siyasi burulğanların, təlatümlərin içində yetişdik. Mən özümü, bir çox dostlarımı bu mənada daha çox siyasi yüklü insanlar hesab edirəm. Müəyyən qədər iş adamı kimi də tanınıram, kiçik də olsa, biznes sahəm var. Amma özümü daha çox siyasət adamı kimi qəbul edirəm. Özümü həm də dövlət adamı sayıram. Bizdə “dövlət adamı” məfhumunu nədənsə cəmiyyət daha çox məmur, rəsmi şəxs kimi qəbul edir. Ancaq əslində dövlət adamı həm də məmur olmayan siyasətçilərdir (təbii, istisnalar da var). Yəni mən bir partiyada olub-olmamağımdan asılı olmayaraq siyasətdəyəm, siyasətçiyəm. Rəhbərlik etdiyim təşkilatın siyasi partiyaya çevrilməsi ehtimalına gəlincə... Bilirsiniz ki, Azərbaycanda Siyasi Partiyalar haqqında yeni Qanunun qəbulu nəzərdə tutulub. Siyasi Partiyalar haqqında yeni Qanunun qəbulundan sonra yeni bir situasiya yaranacaq. Bizim siyasi təşkilat yaradıb-yaratmayacağımız bu situasiya aydınlaşandan sonra, yeni situasyaya uyğun bəlli olacaq. Bizim düşündüyümüz siyasi təşkilat sağ təmayüllü təşkilat olacaq, türkçülüyü, islam dəyərlərini, milli maraqları hər şeydən uca tutan təşkilat olacaq. Şərt deyil ki, o siyasi partiyanın sədri Arzuman Abdulkərimov olsun. Başqa kimsə də ola bilər. Yetər ki, ideologiyamızı apara bilən şəxs olsun.
-Siyasi Partiyalar haqqında Qanuna təklif edilən dəyişikliklərlə yəqin ki, tanışsınız. Bu qanuna dəyişikliklərə zərurət olduğunu hesab edirsiniz?
-Bəli. Siyasi Partiyalar haqqında Qanun 1992-ci ildə qəbul olunub. O zaman Azərbaycan müstəqilliyini yenicə bərpa etmişdi, ölkədə siyasi partiyalaşma prosesi hələ yenicə başlayırdı, əhalimizin sayı da indikindən az idi. Bütün bu amillər və digər mühüm amillər bu qanuna yenidən baxılması və dəyişikliklər edilməsini zəruri edirdi. Eyni zamanda dediyimiz kimi ölkədə yeni siyasi konfiqurasiya yaranıb. 2019-cu ildə Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasından sonra siyasi münasibətlər sisteminə çox yaxşı yeniliklər gəldi. İqtidarla müxalifət arasında uzun illərdən bəri hökm sürən gərginliklər, sistemsizlik aradan qaldırıldı, münasibətlər sistemli bir hal aldı, dialoq mühiti yaradıldı. Burada əsas amil təbii ki, Prezidentin iradəsidir. Lakin həmin iradəni həyata keçirdən isə Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi oldu. Ölkəmizdə artıq siyasi partiyalar arasında bir dialoq mühiti formalaşıb. Bir zamanlar siyasi partiyalar hakimiyyətlə təmaslarda ciddi problemlər yaşayırdı, tərəflər arasında baryerlər var idi. Artıq bu baryerlər aradan qaldırılıb. Siyasi partiyaların sədrləri bərabər əsaslarda Prezident Administrasiyasında görüşlərə dəvət olunur, onlarla müzakirələr aparılır, onların təklifləri dinlənilir, fəaliyyət göstərmələri üçün ofislər ayrılır. Yəni dediyim odur ki, ölkədə yeni siyasi münasibətlər sistemi formalaşıb. Bu baxımdan da mən düşünürəm ki, Siyasi Partiyalar haqqında Qanununa dəyişikliklər yeni siyasi konfiqurasiya formalaşması prosesinin davamıdır. Deməli, bu dəyişikliklər də partiyaların fəaliyyəti üçün yeni imkanlar açacaq.
-Ancaq o da məlumdur ki, bəzi müxalifət partiyaları sözügedən Qanuna təklif edilən bir sıra dəyişikliklərə qarşıdırlar. Onların fikrincə, bu cür dəyişikliklər ölkədə siyasi partiyalaşmaya ciddi əngəllər yaradacaq...
-Qanuna dəyişikliklərə əngəl yaratmaq istəyən qüvvələr var. Onlar həmin qüvvələrdirlər ki, xarici güclərin təsiri altındadırlar, xaricdən təlimat alırlar. Çünki həmin xarici qüvvələr istəmirlər ki, bu qanun qəbul olunsun. Onlar radikal müxalifət qüvvələrini uzun illərdir öz monopolyalarında saxlayırlar. Dediyiniz həmin müxalifət partiyalarının bəhanəsi odur ki, siyasi partiyaların qeydiyyata alınması üçün indiyə qədər tələb olunan 1000 nəfərin imzası, yeni təklifə görə 10 min nəfərə qaldırılır (əminəm ki, bu 10 min rəqəmi ən azı iki dəfə yumşaldılacaq). Eləcə də bəzi başqa bəndlər var ki, müzakirələrin nəticəsində yumşaldıla bilər. Qanuna edilən təklifə görə siyasi partiyanın təsis edilməsi üçün 200 nəfərin imzası lazımdır, dövlət qeydiyyatına alınması üçün isə 10 min nəfər üzv olmalıdır. Bundan o siyasətçilər qorxa bilər ki, ətrafına 200 nəfəri yığa bilmir, sonradan isə 10 min vətəndaşın imzasını toplamaq iqtidarında deyillər. Amma mən düşünürəm ki, dövləti idarə etməyə iddialı olan bir siyasətçi, bir lider 10 milyon vətəndaşı olan ölkənin əhalisinin 0,1 faizi qədər vətəndaşı ətrafına cəmləşdirə bilmirsə, onun iddiaları mənasızdır və o gedib başqa işlə məşğul olmalıdır. Odur ki, əslində mən Qanuna edilən həmin təklifin tərəfdarıyam. Gücünə, potensialına inan siyasətçiləri o maddələr qorxutmamalıdır. Əksinə, həmin imkanlara nail olan və o imkanların hesabına qeydiyyata alınıb fəaliyyət göstərən partiyaların samballı partiyalar olduğuna şübhə yeri qalmayacaq. İndiki vəziyyətdə isə dövlət qeydiyyatında olan çox partiyalar var ki, sədrindən başqa partiyada heç kim yoxdur. Və həmin sədr özünü böyük bir partiyanın, böyük lideri kimi təqdim edir. Bu, həm də cəmiyyəti aldatmaqdır. Yeni qanun partiyaların təmərküzləşməsinə və bir neçə partiyanın bir partiyada birləşməsinə də stimul verəcək. Bu qanunun qəbulundan sonra partiyalar özlərinə bir çəki-düzən verməlidirlər. Yoxsa partiyalarşmada xaos davam edəcək. Yeni qanunun qəbulundan bir neçə il sonra biz onun müsbət nəticələrini görəcəyik. Qanuna edilən digər bir təklif isə ölkədə ən azı 20 il yaşayan vətəndaşların siyasi partiyalara üzv olmasına icazə verilməsidir. Mən bunu normal və lazımlı təklif hesab edirəm, düşünürəm ki, Qanunda mütləq əksini tapmalı məsələdir. Siyasətdə elə məsələlər var ki, açıq danışmaq olmur. Amma açıq danışılmasını tələb edən məsələlər də var. Azərbaycanı istəməyən elə dövlətlər ola bilər ki, ölkəmizin içərisində özünün siyasi təşkilatını formalaşdırmaq istəyər. Məsələn, bir nəfəri göndərərlər Azərbaycana və onun ətrafında bir siyasi təşkilat formalaşdırılar. Lazım olanda isə onun vasitəsilə ölkəmizə təsir etməyə, öz maraqlarını yeritməyə çalışarlar. “Milyarderlər İttifaqı” və Rüstəm İbrahimbəyov projesini yəqin xatırlayırsınız. Gələcəkdə bu cür dövlətimizin maraqlarına zidd halların yaşanmaması üçün qanunvericilikdə qeyd edilən dəyişiklik edilməlidir.
“Yeni Müsavat”