Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev Ali Baş Komandan kimi adını dünya hərb tarixinə qızıl hərflərlə yazmış bir sərkədəyə çevrildi

İlham Əliyev Ali Baş Komandan kimi adını dünya hərb tarixinə qızıl hərflərlə yazmış bir sərkədəyə çevrildi


Şanlı Zəfər tariximizin iki ili tamam olur. 2020-ci il, sentyabr ayının 27-də növbəti erməni təxribatına adekvat cavab verərək əks-hücuma keçən Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində başda Şuşa olmaqla 30 ilə yaxın işğal altında olan şəhər və rayonlarımızı erməni vandallarından azad etməklə xalqımıza uzun illərdir həsrət qaldığımız qələbə sevincini bəxş etdi.

Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amillərə diqqət çəkən təhlilçilər burada bir neçə faktorun mühüm rol oynadığı qənaətindədirlər. Təbii ki, bu faktorlar sırasında ən başlıca yeri isə Ali Baş Komandan və onun müzəffər Ordusu tutur. Politoloq Arzuman Muradlı da deyir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi zəfərə imza atmasında Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xidmətləri misilsiz, ölçüyə gəlməzdir. Onun sözlərinə görə, bu günkü qələbəmizin təməlində məhz İlham Əliyevin düşünülmüş uzaqgörən və müdrik siyasəti dayanır:

"Cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi illərdə ölkəmizin hərbi sənaye potensialını artırması, ordumuzun müasir silah və sursatlarla təmin edilməsi, onun maddi-texniki bazasının gücləndirilməsi 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində qələbəmizin təmin edilməsinin fundamental əsaslarını təşkil edirdi. Əgər dövlət başçısı ötən illərdə sadaladığımız uğurlu addımları atıb ordumuzun maddi-texniki bazasının gücləndirilməsinə diqqət yetirməsəydi, heç şübhəsiz ki, Vətən müharibəsində qələbəmiz də mümkünsüz olardı".

Arzuman Muradlı bildirib ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi başlamadan 5-10 il əvvəl belə torpaqlarımızı azad etməyə hazır vəziyyətdə olsa da, lakin Ali Baş Komandan zərgər dəqiqliyi ilə bunun zəruri zamanın yetişməsini gözləyir və ordusunu məhz həmin zamana hazırlayırdı:

"Beləliklə, həmin zaman yetişdi və Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə yüksək səviyyəli döyüş əməliyyatları həyata keçirərək 30 ilə yaxın işğal altında olan ərazilərimizi düşmən tapdağından aldı. Beləliklə də, Prezident İlham Əliyev Ali Baş Komandan kimi adını dünya hərb tarixinə qızıl hərflərlə yazmış bir sərkədəyə çevrildi. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsindən sonra dünyanın aparıcı dövlətləri Azərbaycanın müharibə taktikasını öyrənməyə başlayıblar".

Arzuman Muradlı qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə Cənab İlham Əliyev təkcə Ali Baş Komandan kimi döyüş əməliyyatlarına rəhbərlik etmir, eyni zamanda diplomatiya cəbhəsində də zəngin siyasi təcrübəsi və qətiyyətli mövqeyi ilə Azərbaycana qarşı yönələn beynəlxalq təzyiqləri zərərsizləşdirə bilirdi: "Mən deyərdim ki, 44 gün ərzində Cənab Prezident 3 cəbhədə, Ali Baş Komandan kimi ön xəttə, həmçinin diplomatiya və informasiya cəbhəsində qətiyyətlə, Azərbaycanın maraqlarını ciddi şəkildə müdafiə etməklə mübarizə aparırdı. Bu faktor da Vətən müharibəsində qələbəmizi şərtləndirən amillərdən idi".

Vətən müharibəsində xalqın öz prezidenti və müzəffər Ordusunun yanında olduğunu xatırladan Arzuman Muradlı deyib ki, bu birlik və bərabərlik də Cənab Prezidentin bu illər ərzində xalqa layiqli xidmətinin nəticəsi idi.(olaylar.az)
Xəbəri paylaş