Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Hakimiyyətin Əli", müxalifətin "İnsan ovu"

"Hakimiyyətin Əli", müxalifətin "İnsan ovu"


Heydər Əliyev hakimiyyətə gəldikdə özü ilə bir neçə Əli adlı şəxsi də hakimiyyətə gətirdi. Düzdür bu, Əlilər vaxtilə hakimiyyətin "vuran əli" olsalar da, sonradan bəziləri o qədər harınladı ki, hakimiyyəti vurmaq istədi. Yaxşı ki, hökumət bəzi şəxslərə böyük meydan verib, o qədər böyüdür ki, həmin şəxslər elə bilirlər ki, zati-alidirlər. Bu məqamda hakimiyyət həmin şəxslərin arxasından çəkilir, onda da bu şəxslər ya yüksəklərdən yıxılıb şil-küt olur, ya da ömrünün qalan hissəsini həbsxanada keçirirlər.

Belə şəxslərdən biri də Əli İnsanov idi. Heydər Əliyev hakimiyyətə gəldikdə onu özü ilə bərabər hakimiyyətə gətirmiş, ən yüksək vəzifələrdən biri sayılan Səhiyyə Nazirliyini ona həvalə etmişdi. O da 12 il ərzində nazir kimi yeyib-içmiş, nəyi var şişmişdi. O qədər şişmişdi ki, 2005-ci ildə hakimiyyət dəyişikliyi edib, prezident olmaq istəmişdi. Amma hakimiyyət Əli İnsanovun bu ülvi arzusunu vaxtında duyub, onu gözü yolda qoymağı bacardı....

Jurnalisti təhqir edən, korrupsioner bir məmur olan Əli İnsanov həbs olunduqdan bir qədər sonra döndü oldu müxalifətçi. Müxalifət isə "məqsədə çatmaq yolunda hər şey mübahdır" prinsipi ilə Əli İnsanovu öz cərgəsinə qatdı. Və elə ən böyük səhvini də beləcə etdi. Düzdür, Əli İnsanov xarakterli, prinsipial adamdır. 12 il türmədə qalsa da sınmadı. Hətta əfv olunacağına belə inanmadığı 2019-ci ildə əfv olunub azadlığa çıxdı. Amma azadlığa çıxmasına görə, prezidentə belə xahiş etmədi. Bunlar bir insanın böyüklüyünün, həm də çox cəsarətli olduğunun bariz nümunəsidir.

Əli İnsanov həbsxanadan çıxıb, özünü müxalifətçi kimi göstərdikdən sonra, Haqq-Ədalət Partiyası yaradıb, başladı hakimiyyətlə 12 il məhbus həyatının haqq-hesabını çürütməyə...

Ancaq çox keçmədən Əli İnsanov anladı ki, Azərbaycanda müxalifət yoxdur. O da gördü ki, hər müxalif partiya sədri öz qohum-əqrəbasını başına toplayıb özünü gələcəyin prezidenti görür. Hətta Azərbaycanda elə müxalif partiyalar var ki, bir avtobus ayırıb üzvlərini toplasan, heç o avtobus dolmaz (Düzdür hələ ki, Avtobus müxalifətindən danışmırıq, bir azdan onlardan da danışacağıq).

Əli İnsanov yanlış mövqe seçmişdi. O bilmirdi ki, fanatik müxalifət Əli Kərimlinin kurasiyasında və Qərbdən idarə olunur. Əli Kərimli əgər vaxtında onun həbsdən çıxması üçün bütün Avropanın hüquq institutlarını Azərbaycana qarşı səfərbər etmişdisə, Əli İnsanov həbsdən çıxdıqdan sonra uzaqbaşı bu sferada Əli Kərimlinin müavini ola bilərdi. Təbii ki, bunu da Əli İnsanov qəbul etməzdi. Ancaq nə baş verdisə, həbsdən çıxdıqdan 2 il sonra Əli İnsanov yatdı nə yuxu gördüsə, bir anda özü və Haqq-Ədalət Partiyası haqqa gəldilər.

İnsanov rəhbəri olduğu Haqq Ədalət Partiyasının İdarə Heyətinin iclasında çıxışı zamanı bildirdi ki, “Prezident İlham Əliyev öz tarixi missiyasını uğurla yerinə yetirməkdədir. Xalqımızın ümidlərini doğruldur və arzularını gerçəkləşdirir. O, hansı dövlətlə, hansı siyasi rəhbərlə necə əlaqə qurur, onu bu problemin həllinə necə cəlb edə bilir, hesab edirəm, düz edir. Mane olmamalıyıq. Bizlər isə bütün iddialarımızdan bir müddət əl çəkərək bu tarixi şansdan yararlanaraq, problemin həllini Azərbaycanın xeyrinə yönəltmək üçün cənab Prezidentə bacardığımız dəstəyi verməliyik.
Müşahidələrim mənə bunu deməyə əsas verir ki, Prezident İlham Əliyev Qarabağ probleminə aidiyyəti, yaxud maraqları olan ölkələri və liderləri çox məharətlə bizim bu tarixi problemimizin yaxşı mənada həllinə cəlb edə bilir. Odur ki, Haqq Ədalət Partiyası olaraq, daim dövlətimizin və ordumuzun yanında olduğumuzu bildirir, Prezident İlham Əliyevin apardığı siyasəti birmənalı dəstəklədiyimizi bəyan edirik”.

Beləcə İnsanov ondan gözlənilən mövqe dəyişikliyini yenidən etdi. Düzdür, İnsanov və onun Partiyası bunu səmimi şəkildə etsəydi, 76 yaşlı qocanın yanlışını anlamaq olardı. Hətta bu yaşda daha get nəvələrini oynat, sənin o vaxtındır demək olardı. Amma görünən odur ki, Əli İnsanovun bu açıqlaması heç də səmimi deyil. Məqsədi avtobus müxalifətinə qoşulub, hökumət tərəfindən maddi dəstək almaqdır. Ancaq hakimiyyət buna gedəcəkmi? Bunu gələcək göstərəcək!

Beləliklə, bir zamanlar hakimiyyətin ƏLİ, sonralar müxalifətin OVU olan İNSANOV haqqında fikirlərimizi bildirdik. Ovdan söz düşmüşkən bir fikri xatıralamaq da yerinə düşər: Ya ov ol, ya ovçu! Amma əsla ovu ovçuya aparan köpək olma!

Elmar Hüseynov
Xəbəri paylaş