Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Zəfər Günü ilə əlaqədar Nazirliyin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələrində şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliği, onların mənəvi-psixoloji və döyüş ruhunun daha da yüksəldilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Newscenter.az xəbər verir ki, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, hərbi qulluqçular, rayon icra hakimiyyətlərinin əməkdaşları, məktəblilər, eləcə də digər qonaqların iştirak etdikləri silsilə tədbirlər çərçivəsində Şəhidlər xiyabanları ziyarət edilib, şəhidlərin məzarları üzərinə güllər düzülərək xatirələri ehtiramla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni ifa səsləndirilib.
Tədbirlər çərçivəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin tarixi əhəmiyyəti, qalib Azərbaycan xalqının qələbədəki rolu, igid hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıq nümunələri haqqında ətraflı danışılıb, şəhidlərimizin xatirələrinin yaddaşlarda əbədi yaşayacağı vurğulanıb.
Vətən müharibəsinə həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdirilib, viktorinalar, mədəni-kütləvi, vətənpərvərlik və idman tədbirləri keçirilib.
Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən hərbi qulluqçular fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb, məktəblilər tərəfindən ədəbi-bədii kompozisiyalar, həmçinin hərbi orkestrlərin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramları təqdim olunub.